
Şiddətli toqquşmalar davam edir – Zelenski

Ukraynanın Luqansk və Donetsk vilayətlərində şiddətli toqquşmalar davam edir.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb.
Ukrayna prezidenti Zelenski yayımladığı videomüraciətdə Ukrayna vətəndaşlarına müraciət edib və bildirib ki, yeni ilin ilk həftəsində cəbhə xəttində şiddətli toqquşmalar olub.
“Luqansk və Donetsk vilayətlərində şiddətli döyüşlər davam edir” - deyən Zelenski, Donetsk cəbhəsində ən ağır toqquşmaların Bəhmut və Soledar şəhərləri istiqamətində baş verdiyini vurğulayıb.
Rusiya ordusunun intensiv hücum cəhdlərinə baxmayaraq, sözügedən şəhərlərin Ukrayna ordusunun nəzarəti altında olduğuna diqqət çəkən Zelenski qeyd edib: “Bura cəbhənin ən qanlı yerlərindən biridir”.
Rusiyanın sözünə etibar etmədiklərini vurğulayan Zelenski, “Rusiyanın diplomatiya və siyasəti manipulyasiya etmək cəhdləri heç vaxt nəticə verməyəcək” deyib.
Bu gün Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin olduğunu xatırladan Zelenski əlavə edib ki, 50 ukraynalı əsgər azad edilib və bütün ukraynalı məhbusların vətənə qayıtması üçün əllərindən gələni etməyə davam edəcəklər.
Busaat.az























