“Siyası partiyaların Qarabağa səfəri təşkil olunsun”

image-anar-esedibackend
Media və ictimaiyyət nümayəndələrinin Ağdam şəhərinə dünənki səfərilə bağlı “Dominant.az” saytına açıqlamamda toxunduğum əsas məqam bu idi ki, belə səfərlərin təşkil olunmasını vacib və pozitiv qiymətləndirirəm. Çünki azad olunmuş torpaqlara Azərbaycan vətəndaşlarının köçürülməsi zaman alan bir prosesdir. Biz bütün bu prosesin gedişatı boyunca müsbət və mənfi hallara rast gələcəyik, bu, mütləqdir. Lakin səhvlərin təkrarlanmasının qarşısı alınmalıdır. Bu səbəbdən də artıq dəfələrlə təşkil olunmuş eyni tipli səfərlərə ictimaiyyətin aktiv qisminin narazılıq bildirməsi nəzərə alınmalı idi. Təəssüf ki, biz bunu son səfərdə də müşahidə etdik.
Yəni heç kim bu səfərlərdən kənarda qalmamalıdır. Qalan şəxsləri isə mütləq növbəti səfərlərdə nəzərə almaq lazımdır. Bu formatda olan səfərlər müxtəlif qütblərdəki şəxslərin arasında normal dialoqun və yeni mədəni, siyasi münasibətlərin formalaşmasında önəmli rol oynayacaq.
Ümumiyyətlə, bu tip səfərlərin bir kriteriyası və məqsədi olmalıdır. Əgər məqsəd azad olunmuş torpaqlarda törədilmiş vandalizmi geniş ictimaiyyətə çatdırmaq, düzgün işıqlandırmaqdırsa o zaman heç bir media qurumu bu prosesdən kənarda qalmamalıdır. Ümumiyyətlə, nəinki media qurumları, ictimai, siyasi şəxslər də bu prosesə cəlb olunmalıdır.
Əgər, hansısa siyasi partiyanın ölkədə baş verən hüquq pozuntuları ilə bağlı səsi Avropa Şurasına çatırsa və diqqətə alınırsa, deməli, erməni vandalizmi ilə bağlı verdiyi bəyanat da Avropa Şurasına çatacaq və diqqətə alınacaq.
Bu baxımdan siyasi qüvvələrin də prosesə cəlb olunması vacibdir. Təklif edərdim ki, elə yubatmadan gələn həftə bayram ərəfəsi siyasi partiya rəhbərlərindən ibarət Qarabağ səfəri təşkil olunsun.
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının sədri
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90