Sizə necə inanaq?backend

28 ildir ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi – ABŞ, Rusiya və Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi qismində iştirak edirlər. Cəmiyyətimizdə həmin ölkələrin tərəfsiz vasitəçiliyini şübhə altına alan xeyli sayda sual yaranıb və onlar hələ də cavabsız qalır. Ciddi narahatlıq və narazılığa səbəb olan bu suallardan yalnız bir qismini səsləndirmək istəyirəm:

– Dünya idarəçiliyində xüsusi siyasi çəkisi olan ABŞ, Rusiya və Fransa kimi nəhənglər 28 il ərzində Ermənistan kimi kiçik bir ölkənin işğal siyasətinə hansı səbəbdən son qoya bilmədilər?

– Əgər Azərbaycan ordusunun bugünkü hərbi uğurları olmasaydı, BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum dörd qətnaməsi daha neçə onilliklər ərzində kağız üzərində qalacaqdı və Ermənistana sərf edən status-kvo vəziyyəti təxminən neçənci ilə qədər saxlanılacaqdı?

– BMT TŞ-nın beş daimi üzvündən üçünün imza atdığı məlum dörd qətnamə öz ölkələrinə aid olsa idi və icrası 27 il ərzində təmin edilməsə idi, sizcə, bu həmin ölkələrin öz cəmiyyətlərində hansı haqlı suallara və etiraza səbəb olardı?

– Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğuna bu illər ərzində siz həqiqətənmi inanmırsınız? İnamınızda yanıldığınız qənaətinə gələ bilməyiniz üçün heçmi əsaslarınız olmayıb?

– Ermənistanın əvvəlki siyasi hakimiyyətlərinin, R.Koçaryan və S.Sarqsyanın 1-ci Qarabağ savaşında birbaşa iştirakları faktı, uşaq, qadın və qoca bilmədən əllərinin günahsız azərbaycanlıların qanına batması, ən azından onlardan birinin Xocalı soyqırımında iştirakı və özü tərəfindən bunun etiraf edilməsi, həmin şəxslərin “sülh göyərçinləri” olmadıqlarına sizi inandıra bilmədimi?

– Xaricdən ixrac olunan inqilab dalğasında, demokrat cildində hakimiyyətə gələn N.Paşinyan sizin də eşidəcəyiniz tərzdə bəyan edəndə ki, ”Qarabağ Ermənistandır və nöqtə”, onun sülh tərəfdarı olmadığına əminliyiniz yaranmadımı?

– Paşinyan Ermənistanın təhlükəsizlik şurasının iclaslarını Xanın kəndində keçirəndə, sizcə, o bununla nə demək istəyirdi? Sülhə cağırışmı edirdi?

– Paşinyan siyasi hakimiyyətində təmsil olunan digər rəsmi şəxslərlə birlikdə qondarma “Dağlıq Qarabağ Respublikasının” “qondarma rəhbərinin” “inaqurasiyasını” nümayişkəranə şəkildə qədim Şuşada keçirəndə, zənninizcə, Paşinyan danışıqlara hansı “töhfə”ni verirdi və sizə hansı hörmətini nümayiş etdirirdi?

– Paşinyan bəyan edəndə ki, Azərbaycan danışıqları Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə aparmalıdır, sizcə, bu yalnız danışıqlar formatını dəyişdirmək cəhdi idi, yoxsa bütövlükdə danışıqların pozulmasına xidmət edirdi? (formatla bağlı deyəsən cavabınız olmuşdu)

– Paşinyan bəyan edəndə ki, danışıqlarda yeddi şərti var, sizdən kimsə ona öz etirazını bildirdimi? Paşinyanın həmin şərtləri baza prinsiplərinə uyğun idimi?

– Paşinyan öz oğlunu Qarabağa, de-yure Azərbaycan ərazisinə əsgərliyə göndərəndə, sizcə, bu, işğal faktında iştirakın etirafı demək deyildimi?

– Ermənistanın Müdafiə naziri Tonoyan “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatını verəndə, sizcə, bu,“sülh göyərçininin” çağırışı idi?

– Ermənistanın yeni hərbi doktrinasına daxil edilən bu bəyanatdan sonra, iyulun 12-də Paşinyan öz sələfləri kimi “sərkərdə” imici qazanmaq istəyəndə, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti hərbi təxribatını törədəndə, onun “sülhməramlı niyyətlərinə” sizdə heçmi şübhə yaranmadı?

– “Dənizdən-dənizə” kimi erməni xülyasından məlumatı olanınız varmı?

– Ermənistanın keçmiş prezidenti S.Sarqsyan ictimai şəkildə etiraf edəndə ki, təkcə onun səkkiz illik rəhbərliyi dövründə ölkəsinə Rusiyadan əlli min tondan çox pulsuz-parasız hərbi yük, sursat daxil olub, sizdən kimsə bu etirafı tərəfsiz vasitəçiliyə uyğunlaşdıra bildimi?

– BBC-yə müsahibəsində Paşinyan BMT TŞ-nın məlum dörd qətnaməsini əhəmiyyətsiz, yersiz və mənasız sənəd adlandıranda, bu da sizə heç nə demədi?

– İkinci humanitar atəşkəs razılığından dərhal sonra, Paşinyan erməni xalqına “ya məğlubiyyət, ya qələbə” çağırışı edəndə, sizcə, bu, sülh danışıqlarına çağırış idi?

– Paşinyanın müsahibələrində işlətdiyi “Artsax”, “Dağlıq Qarabağın erməni xalqı”, “Dağlıq Qarabağın erməni xalqının öz müqəddəratını təyin etməsi”, qondarma “Dağlıq Qarabağ respublikasının müstəqilliyinin tanınması” kimi fikir və tələbləri, sizcə, sülhə və beynəlxalq hüquqa xidmət edir?

– Sentyabrın 27-də Ermənistanın avantürist siyasi-hərbi hakimiyyəti ölkəmizə qarşı növbəti hərbi təcavüzə cəhd etdi. Ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində təkcə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində (yəni keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yox) Ermənistanın 252 tankı məhv edilib, 53 tank hərbi qənimət kimi götürülüb, 50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb, 251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb, 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb, 53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, 2 “Uraqan”, 2 YARS, 1 TOS, 4 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki “S-125” zenit-raket kompleksi, 6 “S-300” zenit-raket kompleksi, 2 “Elbrus”, 1”Toçka-U” raketi, 231 yük avtomobili (20-si sursatla dolu) məhv edilib, 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Ermənistanın danışıqlar yolu ilə, hələ Dağlıq Qarabağı demirik, ətraf yeddi rayonu qaytarmaq fikri var idisə, zənninizcə, bu miqyasda hərbi texnikanı və sursatı həmin əraziyə hansı məqsədlə yerləşdirmişdi? Paşinyan iddia etsə ki, bunlar qondarma “Dağlıq Qarabağ respublikasının” özü tərəfindən satın alınıb, sizdən kimsə buna inanarmı?

– Necə düşünürsünüz, 8 milyard xarici borcu və milyard yarım qeyri-likvid valyuta ehtiyatı olan Ermənistanın bu illər ərzində ödəniş yolu ilə silahlanması mümkün idimi?

– Tərəfsiz monitorinq aparmalı olan qurumlar işğal edilən Azərbaycan torpaqlarında 4-5 eşalonda qurulmuş istehkamları, zənninizcə, 28 il ərzində görməyiblər? Əgər görüblərsə, Ermənistanın bu torpaqları öz xoşu ilə qaytarmaq niyyətində olmadığını yəqin etməyiblərmi?

– Suriya və Livandan, digər ölkələrdən olan etnik ermənilərin Ermənistan tərəfindən Qarabağda qanunsuz məskunlaşdırılmasını, faktiki etnik tərkibin dəyişdirilməsi və ilhaq siyasətinin həyata keçirilməsini müşahidə etmirdinizmi? (axı ermənilər bunu təsdiq edən video-süjetləri özləri paylaşırdı). Danışıqlar yolu ilə torpaq qaytarmaq istəyən, sizcə, bu cür siyasət həyata keçirərdimi?

– Dağlıq Qarabağa və ətraf yeddi rayona yatırılan investisiyaların miqyasını, bu ərazilərdən Ermənistana çəkilən yeni yolları da görən olmadı?

– Fransanın dövlət başçısından eşitdiyimiz “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüquqa zidd olan bəyanat tərəfsiz vasitəçilik mandatı ilə uzlaşırmı? Dağlıq Qarabağı kim, nə vaxt və hansı haqla Azərbaycanın yurisdiksiyasından çıxarıb?

– Münaqişənin aktiv fazasında Ermənistana silah-sursat göndərən kimlərdir?

– Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından Ermənistan ordusuna silah-sursat verilməsi faktı tərəfsiz vasitəçiliyə və humanitar atəşkəs razılığına uyğundurmu?

– Humanitar atəşkəslə bağlı hər iki Moskva razılaşmasından dərhal sonra, döyüş zonasından çox kənarda yerləşən Gəncə şəhərinin mülki əhalisini Ermənistan ərazisindən raket zərbələrinə məruz qoymuş, günahsız insan tələfatına və yaralanmasına səbəb olmuş, faktiki müharibə cinayətini törətmiş Paşinyanla eyni masa arxasında əyləşib sülh danışığını aparmaq, sizcə, mənəvi dəyərlərə nə dərəcədə uyğundur?

– Vaşinqtonda elan olunan III atəşkəs razılığından da dərhal sonra, Paşinyan “Facebook” səhifəsindən canlı yayımda erməni xalqına bu müraciəti edib:

“Qadınlarımız kişilərimizə bu vəziyyətdə tərəddüd etməyin bağışlanılmadığını söyləməlidirlər. Qadınlar ərlərini və oğullarını saxlamamalıdırlar. Mən tələb edirəm ki, hər bir Ermənistan vətəndaşı mənim əmrimə tabe olsun. Mən əmr edirəm ki, hər bir kişi indi ayağa qalxsın və öz hərbi komissarlığına getsin. Bu, mənim əmrimdir. Qadınları həvəsləndirin. Qoy özləri dəstələr yaratsınlar. Bu, minillik müharibədir”. Belə bir çağırış edən şəxs, sizcə, humanitar atəşkəs istəyində səmimi ola və razılığa sadiq qala bilərmi? Bu cür zehniyyəti olan birisinin psixoloji durumu sizdə heçmi şübhə yaratmayıb?

– Azərbaycan xalqının maraqlarına zidd olan, yalnız Ermənistanın mənafeyinə xidmət edən və məlum dörd qətnaməsinin hüquqi qüvvəsinin heçə endirilməsi məqsədini güdən BMT TŞ-nın son bəyanat layihəsini həmsədr dövlətlərdən kimlər irəli sürüb? Belə təşəbbüs beynəlxalq hüquqa və tərəfsiz vasitəçiliyə nə dərəcədə uyğundur?

Cəmiyyətimizi düşündürən və ciddi narahat edən bu cür çoxsaylı suallardan sonra yəqin siz də razılaşarsınız ki, Azərbaycan xalqı həqiqətən də çox səbrli xalqdır. Səsləndirdiklərim üzdə olan sualların yalnız bir qismidir. Görəsən, alt qatlarda nələr gizlənir? İctimai səbrin artıq tükəndiyini duya bilməniz üçün, cəmiyyətimizi düşündürən suallardan bir neçəsini də diqqətinizə çatdırmağı vacib hesab edirəm:

– Siz həmsədrlərdən hər hansı birinizin xalqı bir parça torpağının işğalı ilə barışardımı?Halal torpağını işğaldan azad etməyə özü qalxmazdımı? Sizin xalqlarınızı buna görə kimsə qınamağa cürət edərdimi? Azərbaycan xalqı bunu etməyə özü məcbur olubsa, eşitdiyi qınaqların, üzləşdiyi təhdid və təzyiqlərin əsl səbəbi nədir?

Qardaş və dost ölkələrin siyasi-mənəvi dəstəyinin doğurduğu qıcıqla bağlı sualları bilə-bilə vermədim, sualı da, cavabını da istəyən özü tapar.

Nəhayət, müsahibə götürərkən, Prezidentimiz demişkən, “prokurorluq” etmək istəyən jurnalistlərdən də xahiş edərdim ki, həmsədr dövlətlərin səlahiyyətlilərindən müsahibə almaq fikrinə düşsələr, mümkünsə, az da olsa, bu suallardan da istifadə etsinlər.

Milli Məclisin deputatı

Ülvi Quliyev