“Tarif Şurası bu sahədə olduqca qüsurlu bir siyasət yürüdür” – Osman Gündüz

image-radiotarifbackend

“Mövcud tariflər stimullaşma və yeni texnologiyaların tətbiqi üçün imkanlar yaratmır”.

Busaat.az xəbər verir ki, bunu radiotezlik bazarındakı vəziyyəti dəyərləndirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, Tarif Şurası təxminən 17 ildir radiotezliklərlə bağlı tariflərə baxmır. Halbuki bu illər ərzində dövlətə məxsus olan radiotezlik bazarında çox şey dəyişib:

image-osnamgunduz

“Yeni texnologiyalar və standartlar gəlib, yeni xidmətlər və avadanlıqlar, yeni yanaşmalar ortaya çıxıb, amma tariflər sabit qalıb. Maraqlı məsələdir. Necə ola bilər ki, 17 il ərzində bir neçə texnologiya dəyişən, bir neçə radiotezlik zolağı əldə edən, yüzlərlə ötürücülər, radiostansiyalar və baza stansiyaları quran, böyük gəlirlər əldə edən operatorlar, xarici şirkətlər və ya digər radiotezlik istifadəçiləri eyni tariflərlə ödəniş etsinlər.
Bu istiqamətdə bir qədər araşdırma aparsaq görmək olar ki, inkişaf etmiş və qonşu ölkələrdə dövlətə məxsus olan radiotezlik resurslarından effektiv istifadə məqsədilə tezliklərin tarifləri dəfələrlə dəyişikliyə uğrayıb.

Tezlik məsələsində əsas problem odur ki, bu resurs dövlətə məxsusdur, məhduddur və hamıya çatmır. Müxtəlif ölkələrdə tarif müəyyən olunarkən sektoru idarə edən tənzimləyici qurumun xərcləri (bu xərclər tezlik istifadəçilərin bəlli ödənişləri əsasında formalaşır), tezlik istifadəçisi olan operatorların gəlirləri, tezlik spektrinin iqtisadi dəyəri, əhali sıxlığı və əhatə dairəsi və s. amillər nəzərə alınır. Həmçinin stimullaşdırıcı ödəniş metoduna, innovasiyalara maraq yaradılmasına üstünlük verilir. Ölkələrin çoxunda tezlik resurslarının ayrılması üçün adətən hərraclar və müsabiqələr təşkil olunur. Ölkəmizdə isə radiotezlik tarifləri Tarif Şurasının 23 iyul 2004-cü il tarixli qərarı ilə təsdiqlənib. Həmin dövr üçün müəyyən olunan qiymətlərə , nə qədər absurd səslənsə də, indeksasiya da tətbiq edilmir”.

Osman Gündüz hesab edir ki, bu sahədə uğur əldə etmək üçün hökumət təcili olaraq radiotezliklərdən effektiv istifadə məsələsinə diqqət yetirməlidir:

“Müşahidələrimiz göstərir ki, ölkəmizdə bir çox radiorabitə istiafdəçiləri tezlik resursları üçün “su qiymətinə” olan tariflərdən effektiv istifadə etmirlər. Daha doğrusu, cüzi ödənişlər etməklə başqaları üçün çox vacib olan tezlik resurslarından illərlə istifadə etmirlər. Bu baxımdan beynəlxalq təcrübə, daha vacib tezliklər və tezliyin spektri, perspektiv tezlik zolaqları, yeni texnologiyaların tətbiqini stimullaşdıran addımlar nəzərə alınmaqla tariflər müəyyən etmək üçün yeni metodika hazırlanmalıdır. Radiotezliklərlə bağlı tariflərin müəyyən olunmasının yeni yaradılacaq müstəqil tənzimləyici quruma verilməsi daha doğru və məntiqli olardı.
Çünki bu tariflər texnolgiyaların inkişafından asılı olaraq dəyişməli və elə bu inkişafın özünə təkan verə bilməlidir. Bunu isə sektordakı müstəqil peşəkar qurumun etməsi daha doğru olardı”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90