Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərin aqibəti necə olacaq? – Ölkədə işsizlər ordusu yarana bilər

image-sertibackend

Elm və Təhsil Nazirliyinin məlumatına görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməyib. Onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.

Müsabiqədə yer alan bəzi asan sayılan suallara müəllimlərin cavab verə bilməməsi isə cəmiyyətdə müzakirələrə səbəb olub. Hətta sertifikasiya imtahanında müəllimlərin səhv və ya boş buraxdıqları suallar sosial şəbəkələrdə paylaşılaraq, suala cavab verə bilməyən müəllimlər tənqid olunub.

Təhsilverənləri tənqid edən bu cür müzakirələr müəllimin nüfuzunu bir qədər də aşağı salmırmı? 

Ceyhun Məmmədov: Müəllimlər nüfuzlarını qorumağı bacarmalıdırlar

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Busaat.az-a açıqlamasında bildirib ki, əksər müəllimlərin ən bəsit suallara belə cavab verə bilməməsi ciddi narahatlıq yaradan məsələdir.

Deputat hesab edir ki, keçid balını toplaya bilməyən müəllimlərin hansı universitetləri bitirməsi ilə bağlı ictimaiyyətə məlumat verilməlidir. Çünki universiteti bitirən müəllimin yetərli savad və biliyi olmayıbsa, onun hansı yolla müəllimliklə məşğul olması araşdırılmalıdır:

“Əslində müvafiq keçid balının toplanmaması ilə bağlı göstərici ciddi rəqəmdir. Əgər həmin müəllimlər işdən azad olunarsa, ölkədə işsiz ordusu yarana bilər. Ona görə  insanların taleyini də düşünməliyik. Sadəcə həmin müəllimlərin ən azından başqa strukturda hər hansısa işlə təmin olunması asan məsələ deyil. Nəzərə alaq ki, müəllimlərin əksəriyyətinə dəfələrlə şanslar verilib. Hər bir peşə sahibi kimi, müəllimlər də davamlı olaraq öz üzərlərində işləməli və özlərini inkişaf etdirməlidirlər”.

C.Məmmədova görə, müəllimin nüfuzunun aşağı salınması yalnız Elm və Təhsil Nazirliyindən asılı deyil. Müəllimlər də öz nüfuzlarını qorumağa çalışmalıdır.

Məzahir Məmmədli: Keçid balını toplaya bilməyən müəllimin tənqid olunması normaldır

Təhsil eksperti Məzahir Məmmədli isə Busaat.az-a açıqlamasında imtahan nəticələrinin  təəssüf doğurduğunu bildirib.

Onun sözlərinə görə, bu gün qələm tutub yazı yazmağımız, ictimai fəallığımız məhz ibtidai sinif müəllimləri ilə birbaşa əlaqəlidir. Çünki insanın həyata baxışı, elm və biliyə marağı ibtidai sinif müəllimindən başlayır:

“Düzdür, bütün sahələrin müəllimləri savadlı olmalıdır. Lakin ibtidai sinif müəllimləri daha çox məlumata sahib olmalıdır. Təəssüf ki, bu gün 3909 müəllim sadə suallara cavab verə bilməyib. Həmin müəllimlərin ictimaiyyətdə tənqid olunması daha çox valideynlərlə bağlıdır. Hər bir valideyn istəyər ki, övladına savadlı müəllimlər təhsil versin. Hətta bu gün valideynlər övladlarının təhsili üçün “bunker müəllimlər”ə 300 manat ödəniş etməkdən də çəkinmirlər”.

M.Məmmədlinin fikrincə, keçid balını toplaya bilməyən müəllimlərin tənqid olunması normaldır. Artıq müəllim olmaq istəyənlər daha savadlı olmağa can atacaqlar ki, cəmiyyətdə tənqid olunmasınlar. Bu cür müzakirələrin davam etməsi effektiv nəticə əldə etmək və məktəblərin sağlam idarəetməsi üçün vacibdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki