“Türkiyə Respublikasının Baş naziri Məsud Yılmazla Azərbaycan ictimaiyyəti nümayəndələrinin görüşündə nitqindən (14 aprel 1996-cı il);
“Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması – hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik”
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.
Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə – erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “…Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq…” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.
Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. İyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Böyük əhəmiyyətli mühüm tarixi sənəddən bəhs etməzdən əvvəl onun imzalanmasını şərtləndirən qürur dolu tarixə nəzər salmaq yerinə düşər. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin ilk günlərdən Azərbaycanın haqq işinə dəstək verməsi, mənəvi və siyasi cəhətdən Azərbaycanın yanında olması, sülhə, sabitliyə hesablanmış davranış idi. Eyni zamanda bu davranış, bütün dünyaya bir siqnal oldu ki, Azərbaycanın öz doğma torpaqlarını işğalçılardan təmizləmək üçün apardığı haqq mübarizəsinə kimsə müdaxilə etməsin. Noyabr ayının 10-da imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması postmüharibə dövründə də Türkiyənin regionda təhlükəsizliyin təminatçısı və nəzarətçisi olacağından xəbər verir.Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Şuşa bəyannaməsi isə müttəfiqliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olmasını təsdiqləməklə yanaşı, bütün türk dünyasına gözəl bir mesaj oldu”.
Talıblı Nurcan Talıb qızı, Bakı Qızlar Universiteti