Oktyabrın 9-da Moskvada baş tutan görüş və əldə olunan humanitar atəşkəs haqqında razılaşmadan sonra ortaya çıxan hərbi-siyasi vəziyyəti Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müzakirə edilib.
Busaat.az müsahibəni təqdim edir:
– Sülhəddin bəy, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə cəbhədə baş verən hərbi əməliyyatları dayandırmaq barədə Moskva danışıqlarından sonra ortaya çıxan mənzərəni necə qiymətləndirmək olar?
– Sözsüz ki, Azərbaycan hərb meydanında aktiv fəaliyyət göstərdiyi kimi siyasi-diplomatik meydanda da fəal olmalı, danışıqlar prosesində iştirak etməlidir. Amma Azərbaycan həm də düşünməlidir ki, danışıqları kimlə aparır və qarşı tərəfin danışıqlarda məqsədi nədir. Mən hesab edirəm ki, bu danışıqlarda başlıca məqsəd uğurla irəliləyən Azərbaycan Ordusunu durdurmaq, döyüş əzmi qırılmaqda olan, eyni zamanda siyasi iradəsinin sınmaq ərəfəsində olan Paşinyan rejimini xilas etmək idi. Bu danışıqlara gedən rəsmi Bakı bu amili mütləq nəzərə almalı idi. Ona görə də, Moskva danışıqlarında qarşı tərəf, həm Ermənistan, həm də onun havadarları – Minsk Qrupu, hansı ki, mən onları Minsk Qrupu deyil, erməni dostluq qrupu adlandırıram… Bu formatdan Azərbaycan nə gözləyir? Mən anlamıram…
Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan siyasi rəhbərliyi Minsk Qrupunda təmsil olunan Fransanın tutduğu mövqe ilə bağlı münasibət bildirmiş, eləcədə YAP daxil olmaqla 50 siyasi partiya bəyanat verərək Fransaya münasibətini ortaya qoymuşdu. Minsk Qrupu deyilən erməni dostluq qrupu artıq öz fəaliyyətini başa vurmalıdır. Bu erməni dostluq qrupu olan Minsk Qrupundan Azərbaycana heç bir xeyir gəlməyəcək. Bir daha deyirəm, onların əsas məqsədi döyüş əzmi sınmaqda olan erməni ordusunu xilas etmək və siyasi iradəsi sınmaqda olan Paşinyan iqtidarını vəziyyətdən çıxarmaq idi. Rusiyanın burada başlıca marağı bəhanə ilə öz silahlı qüvvələrini sülhməramlı adı altında Qarabağa yeritməkdir. Ehtimal edirəm ki, Moskvada gedən danışıqlarda əsas müzakirə mövzusu bu olub. Hamı bilməlidir, Azərbaycan xalqı anlamalıdır ki, bunun üçün Rusiya Azərbaycan hakimiyyətinə təzyiq göstərir. Prezidentin köməkçisi açıq şəkildə bildirdi ki, bizə təzyiq edirlər. Açıb desin ki, bu təzyiqi kim tərəfindən və hansı məqsədlə edilir. Bir daha xatırlatmağı özümə borc bilərək deyirəm ki, bu təzyiq erməni dostluq qrupu tərəfindən edilir, məqsəd darmadağın ərəfəsində olan erməni ordusunu və siyasi iradəsi sınmaq ərəfəsində olan Ermənistan siyasi hakimiyyətini xilas etmək, Azərbaycan Ordusunun zəfərə çatmasının qarşısını almaqdır.
Rusiyanın bundan əlavə xüsusi bir marağı da var. Həm Paşinyan rejiminin zərbə alması, həm də Dağlıq Qarabağa sülhməramlı adı altında rus ordusunun yerləşdirilməsi. Ehtimalım budur ki, Moskvada xarici işlər nazirləri arasında görüşün 11 saata qədər uzanmasının əsas səbəbi bu olub.
Mənbə: azpolitika.info