Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət dayanır. Hər bir dövlət qurumunun fəaliyyətinin aynası hesab olunan bu işin daha dərin fəlsəfəsi vətəndaş məmnuniyyəti və müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi imkanlardan insanların bəhrələnməsinin təmin olunmasıdır. Dövlət başçısı vətəndaşlara və onların problemlərinə daim böyük qayğı və diqqətlə yanaşaraq çıxışlarında bu məsələləri ön plana çəkir, vətəndaşların qayğı və problemlərinə xüsusi diqqətlə yanaşmağı tələb edir, dövlət və vətəndaş arasında münasibətin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinə xüsusi önəm verir. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm respublikada ümumi uğurun təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir.
Cənab İlham Əliyevin noyabrın 12-də Naxçıvanda yeni səlahiyyətli nümayəndəni və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul etməsi Azərbaycan dövlət idarəçiliyi tarixində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Bu qəbul təkcə kadr dəyişikliyi deyildi, həm də dövlətin daxili siyasətində yeni mərhələnin – məsuliyyət, şəffaflıq və xalqa xidmət fəlsəfəsinin təcəssümü idi. Prezidentin çıxışı da adi inzibati təlimat deyil, sistemli bir konsepsiyanın ifadəsi kimi qəbul olunmalıdır: məmur anlayışının yenilənməsi, dövlət xidmətinin mahiyyətcə yenidən dərk edilməsi, əxlaqın idarəçiliyin ayrılmaz tərkib hissəsinə çevrilməsidir. Məsələn, Prezident vurğuladı ki, rəhbər vəzifələrdə çalışan hər bir məmur xalqın arasında olmalı, onun problemlərini anlamalı və fəaliyyətini xalqa xidmət kimi formalaşdırmalıdır. “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməli, xalqa xidmət etməlisiniz”, – dövlət başçısı bildirdi. Bu fikir Azərbaycan idarəçilik modelinin mahiyyətini açır: məmur artıq “idarə edən” yox, “xidmət göstərən” obrazıdır.
Atdığı hər addımı ilə 2003-cü ildə verdiyi “Mən hər bir vətəndaşın Prezidenti olacağam” vədini yüksək səviyyədə yerinə yetirdiyini təsdiqləyən Prezident İlham Əliyevin dövlət məmurlarından tələbi hər zaman bu olub ki, xalqın yanında olun, onların qayğıları ilə yaşayın, həlli istiqamətində ciddi səylər göstərin. Dövlət başçısı İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən tələb edir: Vətəndaşlarla münasibətdə şəffaflığın artırılması, etik qaydalara əməl edilməsi, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsi və vətəndaş məmnunluğunun təminatı əsasdır. Təbii ki, məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir.
Müasir Azərbaycanda səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir. Hər bir məmurun da öz fəaliyyətində əsas vəzifəsi vətəndaş-məmur münasibətlərində Prezidentimizdən nümunə götürərək bu göstəricinin bütün şkalalar üzrə yüksəldilməsindən ibarət olmalıdır. Bu, həm Prezident İlham Əliyevin, həm də yeni dövrün tələbidir.
Fazil Məhəmmədov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvü








