“Vəziyyətin belə nöqtəyə gəlib çıxması, Laçın yolundakı ermənilər üçün çıxılmaz vəziyyət və rəsmi Bakının prinsipial mövqeyi “Vardanyan planı”nı iflasa uğratdı”.
Bunu Vardanyanın “dövlət naziri” postundan “azad edilməsi”ndən sonra Qarabağda qalması ilə bağlı fikirlərini bildirən politoloq Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın Vardanyanı qəbul etməməsi tutduğu qondarma postundan uzaqlaşdırılması ilə nəticələndi:
“Yaxın zamanda Vardanyanın Qarabağı tərk edəcəyinə inanıram. Müəyyən qüvvələr orada olduğu müddətə qədər Bakı və Xankəndi arasında gərginlik qalacaq. Vardanyanı Qarabağda saxlamağa çalışacaqlar. Lakin bu formal xarakter daşıyacaq. Vardanyana qondarma vəzifə verməkdə məqsəd onu Bakı ilə danışıqlarda əsas fiqur kimi önə çəkmək idi. Hətta onu Qərb KİV-lərinə müsahibə vermək üçün tapşırıq vermişdilər. Lakin nə qlobal miqyasda, nə də Qarabağda yaşayan ermənilər arasında Vardanyan nüfuz qazana bilmədi”.
“Burada əsasən Bakının mövqeyi ilə hesablaşırlar. Üstəlik vəziyyətin belə nöqtəyə gəlib çıxması, Laçın yolundakı ermənilər üçün çıxılmaz vəziyyət və rəsmi Bakının prinsipial mövqeyi “Vardanyan planı”nı iflasa uğratdı. Bundan sonra onun Qarabağda uzun müddət qalması inandırıcı görünmür. Böyük ehtimal Xankəndinin Bakı ilə normal danışıqları üçün o, proseslərdən kənarlaşdırılacaq”, – politoloq əlavə edib.
Ələsgər / Busaat.az