“Azərbaycan Prezidentinin ötən günlərdə dediyi hamının yaxşı yadındadır ki, “biz Şuşaya bir nəfəs qədər yaxınıq”. Yəni bu, o deməkdir ki, bizim ard-arda elanlar olmalıdır. Elanlar da yəqin ki, işğaldan azad edilmiş ərazilərlə bağlı olacaq”.
Busaat.az xəbər verir ki, bu fikirləri ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri indi elə bir mərhələdədirlər ki, bir-birinin ardınca bizim işğal altında olan əraziləri düşməndən azad edirlər: “Dünən Tonaşen istiqamətində Azərbaycan Silahlı Qüvvələri düşmənin çox mühüm həm qərargahını, həm şəxsi heyətini, həm də ki, hərbi nöqteyi-nəzərdən digər vacib olan infrastrukturunu məhv edib. Bu, o deməkdir ki, biz artıq Ağdərə istiqamətində Xocavənd və Ağdamla bağlı çox böyük dəyişikliyin şahidi olacağıq. Hər şey plan üzrə gedir”.
Ü.Cəfərov qeyd edib ki, heç kimin narahatlığına əsas yoxdur: “Başa düşürəm, hamı istəyir ki, rayonlar işğaldan azad olunsun, amma birinci növbədə, şəxsi heyətin təhlükəsizliyi təmin olunur. Çünki göstəriş verilib ki, şəxsi heyətin, yəni əsgər və zabitlərimizin həyatı nəyin bahasına olursa-olsun, qorunsun. Ona görə ki, erməni də sakitləşmək bilmir. Bu günlərdə hələ artilleriya atəşi eşitməmişəm, amma mina atanlardan atırlar”.
“Düşmən faktiki olaraq çox böyük çətinliklə baş-başa qalıb, onun imkanları da məhdudlaşır. 40 gündür haqq savaşı gedir. Artıq Laçın korridoru ermənilər tərəfindən bağlanıb. Özləri də vəziyyətin ciddiliyini anlayırlar. Çünki lazım olan istiqmətlərdə Azərbaycan Ordusu nəzarət edir. Ona görə də ermənilər çıxılmaz vəziyyətə düşüblər”, – deyə hərbi ekspert əlavə edib.
Ü.Cəfərov onu da vurğulayıb ki, əsgər və zabitlərimizin döyüş ruhu olduqca yüksəkdir: “İndiyə qədər 4 rayon mərkəzi, 200-dən çox yaşayış məntəqəsi azad olunub. Amma indi söhbət Şuşadan, Laçından, Xankəndindən gedir. Bu, tarixdir. Biz indi kənardayıq. Amma o uşaqların hər biri o tarixin bir parçasıdır, yəni o tarixi yazan insanlardır. Təsəvvür edin ki, həyatda atanı, ananı, bütün xalqı arzuladığı arzuya çatdırırsan. Onun özü də əsgər və zabitlərimiz üçün əlavə bir motivasiyadır. Şükrlər olsun ki, hər şey plan üzrə gedir. İnanıram ki, Azərbaycan əsgərləri yaxın günlərdə, o tapşırığı da sona çatdıracaqlar. Biz bunu gizlətmirik. Zatən, Prezident də demişdi ki, Şuşasız bu iş bitmiş hesab oluna bilməz. Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Ağdam, Ağdərə və digər yaşayış məntəqələrimiz də yaxın günlərdə ard-arda elan olunacaq. Düşmənin vəziyyəti son dərəcə çıxılmazdır, həddindən artıq çətin duruma düşüblər. Ona görə də düşünürəm ki, yaxın günlərdə daha xoş xəbələr eşidəcəyik”. (publika.az)