Dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqi incilərinin fotolarda möhtəşəm inikası və bu fotolarıın seyrindən aldığımız inanılmaz zövq… Bu zövqü bizə yaşadan “Yeni Çağ” Media Qrupuna daxil olan “Новая Эпоха” (“Yeni Çağ”) onlayn analitik qəzetinin redaktoru, jurnalist, fotomüxbir və səyyah Rüstəm Qasımovdur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Musiqi Akademiyasının (BMA) nəzdindəki Opera Studiyası tərəfindən təşkil olunan sərginin ekspozisiyasına Rüstəm Qasımovun Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Koroğlu” operaları, “O olmasın, bu olsun” operettasından maraqlı və rəngarəng fotolar daxil edilib.
Dahi Azərbaycan bəstəkarı, musiqişünası, dramaturqu, pedaqoqu və ictimai xadiminin yaradıcılığının geniş və çoxşaxəli olmasına baxmayaraq, ziyarətçilərə Rüstəm Qasımovun son bir neçə ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında nümayiş olunan adları qeyd edilən 4 tamaşadan çəkdiyi fotoşəkillər təqdim olundu.
Tədbirə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, tanınmış mədəniyyət xadimləri, sənətsevərlər və media mənsubları qatılıblar.
Daha sonra iştirakçılar fotolarla tanış olub, öz fikirlərini müəlliflə bölüşüblər. Onlar musiqili fotoların möhtəşəmliyindən aldıqları zövqü ifadə edərək təəssüratlarını dilə gətiriblər.
Bir qədər də dahi Üzeyir Hacıbəylinin musiqi dünyasını özündə əks etdirən fotolar barədə…
Ekspozisiyaya əvvəldən quruluş verilən heç bir fotoşəkil daxil edilməyib. Bütün kadrlar istisnasız olaraq tamaşaların nümayişi zamanı çəkilib. Sərgilənən fotoşəkillərin unikallığı da elə məhz bundadır. Çünki lentə köçürülən hər bir an böyük olmayan tarixdən bəhs edə bilər. Bunlar sadəcə, statik kadrlar yox, davam edən hadisəni, dinamikanı, emosiyanı, hissi, ovqatı, həyəcanı əks etdirən fotoşəkillərdir. Şəkillərdə əsas diqqət emosional tərkibə, mimika və jestlərə yönəldilib. Fotorobotlar Azərbaycan incəsənət ustalarının ifasında canlandırılan Üzeyir Hacıbəylinin operalarının və musiqili komediyalarının tanış və sevilən obrazlarının xarakterini dolğun şəkildə açır.
Qeyd edək ki, sərginin əsas məqsədi Azərbaycan musiqisi və Üzeyir Hacıbəyli yaradıcılığının təbliği, o cümlədən, ölkəmizdə bul 18-28 sentyabrda keçiriləcək Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalına diqqətin artırılmasıdır.