“İşğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq.
Busaat.az xəbər verir ki, bunu işğaldan azad olunmuş torpaqların ölkənin iqtisadi inkişafına mümkün təsirlərini dəyərləndirən deputat Vüqar Bayramov deyib.
Deputatın fikrincə, Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisinə düşən rayon və şəhərlərimiz bərpadan sonra kifayət qədər iqtisadi potensiallı hesab olunur:
“Azərbaycan əsgəri döyüş şəraitinə tam nəzarət edir və irəliləyir. Azərbaycanın şanlı ordusunun torpaqlarımızı işğaldan azad etməsinin həmçinin iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri olacaq. İşğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq.
Yuxarı Qarabağ iqtisadi rayona Xankəndi şəhəri, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər rayonlarını daxildir. Ümumi sahəsi 7248 km2 olan bu iqtisadi rayon ölkə ərazisinin 8,4%-ni təşkil edir. İqtisadi rayon polimetal filizləri, tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar ilə zəngin iqtisadi rayon yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Eyni zamanda, işğaldan azad olunandan sonra həmin ərazilərin yüksək turizm potensialı da var.
Bütövlükdə, inşallah ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhvə verəcək”.
Gülay