Zelenski geosiyasi mübarizəni qazana biləcəkmi? – TƏHLİL

image-31178-1665983302backend

Rusiya və Ukrayna arasında başlayan, Ukraynanın işğalını hədəfləyən müharibə artıq 10 aydır davam edir. Bu 10 ay ərzində çox ciddi əməliyyatlarla qarşılaşmışıq. Bu əməliyyatlar tək hərbi müstəvidə qalmayıb, yüzlərlə sivilin, həmçinin, uşaqların, qadınların və qocaların ölümünə səbəb olub.

Faciə bunlarla da bitmir. Hazırda Ukraynada milyonlarla insan müxtəlif problemlərdən (enerji yoxluğu, su çatışmazlığı vəs.) əziyyət çəkir.

Müharibənin ilk başlarında uğurla irəliləyən və məqsədi ilk 3-4 gün ərzində Kiyevi işğal edərək Ukraynanı təslim etmək olan Rusiya son 2-3 ay ərzində ciddi məğlubiyyətlərlə üzləşib.

Rusiya rəsmilərinin dili ilə desək, NATO dövlətlərindən, xüsusilə də ABŞ və İngiltərədən əhəmiyyətli dəstək alan Ukrayna öz potensialının əksinə olaraq Rusiyaya qarşı dirənişi davam etdirə bilib.

Amma müharibənin uzanması bir qayda olaraq müharibə gedən ölkəyə daha çox təsir edir. Müharibə Ukraynada davam etdiyi üçün bütün maddi-texniki dəstəklərə baxmayaraq, Ukrayna tükənmək təhlükəsi ilə üzləşir. Əslində rusları yamsılamaq kimi olmasın, Qərbin dəstəyi olmasa, Ukrayna hər halda çoxdan tükənmişdi…

Belə olan halda, Ukraynada müharibənin taleyi yeni suallar ortaya çıxarır. Hətta ABŞ Ukraynanın tükəndiyinin fərqində olmalı idi ki, bu ölkəyə Patriot sistemlərini göndərmək barədə qərar qəbul etdi…

Son zamanlar Almaniya, ingiltərə və digər bir sıra Avropa ölkələrinin də Ukraynanı qorumaq üçün ciddi cəhdlər göstərdiyini görürük. Bütün bunlar daxili resurs etibarilə Ukraynada çatışmazlıqların yaşandığının carçısıdır.

Ukrayna prezidenti Volodimir Zelenskiyə gəlincə, Zelenski öz missiyasını hazırki ana qədər yaxşı tamamlamaqdadır. Ölkəsini təslim etmədi, ona edilən dəvətləri rədd edərək, Kiyevi tərk etmədi və “qəhrəman film obrazları” kimi xalqı naminə ölümlə üz-üzə dayandı. Amma bu bəs edirmi?

Əlbəttə yox. Bundan sonrakı proseslər Zelenski üçün daha da çətinləşəcək. Əminliklə demək olar ki, birazdan Ukrayna daxilində də müharibə əleyhinə fikirlər söylənməyə başlayacaq. Bu fikirləri səsləndirənlər bütün günahları Zelenskiyə atacaq və güzəştə gedərək, Ukrayna xalqını sivil həyata geri qaytarmaq fikirlərini gündəmə gətirəcəklər. Dünya şöhrətli ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer boşuna güzəştə gedərək sülhə nail olmağı təklif etmir.

Kissincer nə deyir?

“Artıq edilmiş strateji dəyişikliklərə əsaslanmaq və danışıqlar yolu ilə sülh əldə etmək üçün yeni struktura inteqrasiya etmək vaxtı yaxınlaşır. Sülh prosesi kimin necə ifadə etməsindən asılı olmayaraq, Ukraynanı NATO ilə bağlamalıdır. Neytrallıq alternativinin artıq mənası yoxdur”.

Yəni Kissincer təklif edir ki, Ukrayna Rusiyanın işğal etdiyi bəzi əraziləri güzəştə getsin, iki ölkə arasında sülh müqaviləsi imzalansın. Nəticədə problem yekunlaşın və Ukrayna problemsiz bir ölkə kimi NATO-ya qoşularaq gələcəkdə daha təhlükəsiz bir həyata nail olsun.

Ukraynanın hazırki rejimi buna yox deyir. Maraqlı olan bir nüans var.

Kissincer ABŞ-ın əsas siyasi ideoloqlarındandır. Onun dedikləri ABŞ dövlətinin siyasi qərarıdır. Yəni ABŞ öz ssenarisini hazırlayıb. Onun üçün Ukraynanın hansına bölgəsini itirib itirməyəcəyi maraqlı deyil. ABŞ-ın öz maraqları var və ABŞ maraqları tələb edir ki, tez bir zamanda Ukrayna NATO üzvü olsun, beləcə NATO düz Moskvanın bir addımlığında dayansın. Çünki indi ABŞ Tayvana keçmək istəyir. ABŞ tələsir. Ona görə ki, Çin artıq Ərəb dünyası, Körfəz və Yaxın Şərqə nüfuz edir. Yəni ABŞ dünyanın ən önəmli nöqtəsini Çinə uduzur…

Çini dayandırmaq üçün onu da Rusiya kimi bataqlığa salmaq lazımdır. Ancaq ABŞ Rusiya və Çin kimi nəhənglərə qarşı eyni anda cəbhə açmaq istəmir.

Qısası, ABŞ hesablayır ki, Krım və Donetski güzəştə getmək onun dünyəvi maraqlarına zərər vermir. Amma bundan sonra Ukraynanın yeni sərhədləri ilə NATO üzvü olması, ABŞ-ın Rusiya sərhədlərini, yəni Rusiyanı nəzarətə alması deməkdir.
Dünən Zelenskinin ABŞ-a səfəri bütün bunların məntiqi sonluğudur.

Zelenski üçün vaxt daralır. Zelenski və onun ordusu, bütöv komandası yaxın aylarda Rusiyadan maksimum nəticələr əldə etməlidir. Düzdür ABŞ Zelenskini dəyişmək istməyəcək. Amma Ukrayna və Rusiya müharibəsi də yaxın aylarda yekunlaşmalıdır. Kim bilir, bəlkə də aprel və may aylarında artıq sülh müqaviləsinin imzalanması ABŞ-ın istəkləri daxilindədir.
Zelenski bilir ki, ABŞ onu asan şəkildə qurban verməyəcək. Çünki yeni iqtidarın bərqərar olması riskli addımdır. Bəlkə yeni prezident Ukraynanı NATO üzvü kimi görmək istəməyəcək?

ABŞ belə bir risk edərmi?!

Buna görə də, ABŞ Zelenskiyə təzyiqi artırmaq məqsədi ilə Ukrayna ordusuna dəstəyi azaltmağa başlaya bilər. Təbii əgər, Zelenski tərslik edərsə…

Əslində Zelenskinin ABŞ-a qarşı son bir yolu da var: Ölüm, yaxud qalım savaşına başlamaq…

Yəni, onsuz da Zelenski ABŞ-ın Rusiyaya qarşı regional mübarizədə Ukraynaya möhtac olduğunu bilir. Heç bir halda ABŞ Ukraynanın tam məhvinə icazə verməyəcək. Bu Zelenski üçün “yaşıl işıq”dır…

Nəyin “yaşıl işıq”ı?

Rusiyaya hücum etməyin.

Bəli, əgər Ukrayna dediyi kimi, bir qarış torpaq belə güzəştə getmək istəmirsə, o halda öz ssenarisini önə çıxarmalıdır. Müharibə Rusiya torpaqlarına daşınmalıdır. Yalnız bu halda Ukrayna tam nəticə əldə edə bilər. ABŞ-ın ssenarisində isə, Ukrayna əvvəl-axır güzəştə gedəcək..

Ancaq Rusiyaya hücum etmək tək Zelenskinin deyil, Ukraynanın tam məhvinə səbəb ola biləcək qədər ciddi riskdir. Rusiya prezidenti və digər rəsmi şəxsləri nüvə silahının istifadəsi məsələsinə toxunduqda Rusiyanın suverenliyini ön plana çıxarıblar. Rusiya Ukraynanın ona hücum edəcəyi təqdirdə atom istifadə edəcək. Bu isə, Ukraynanın “Pir qələbəsi” qazanması deməkdir. Amma məhv olan ölkədə qələbə kimə lazımdır və nə faydalar verə bilər?

Beləliklə, indi heç kim Zelenskinin yerində olmaq istəməzdi…

O, sadəcə vətəninin bütövlüyünü arzulayır, bütün addımlarını ona görə atır, ancaq addım-addım daha böyük oyunda qurbana çevrildiyindən xəbərsizdir. Rusiya onsuz da ABŞ-ın tələsinə düşmüş şikardır, ancaq o şikarın ağzındakı yem isə, Ukraynadır…
Tələni quranlar yemi şikarın ağzından almağa vaxt tapacaqlarmı, bax bu sual altındadır…

Zelenski isə, sülh masasında olmayacaq. Bu bəllidir, amma o çalışır ki, ən azından sülh masasında Ukrayna lideri kim olacaqsa, onun çıxdığı yoldan – Ukraynanın tam suverenliyindən imtina etməsin. Bu isə, mümkünsüzdür. ABŞ-Rusiya qarşıdurmasında Ukraynanın fikri əsas olmayacaq. Onlar ikisi ortaq məxrəcə gəlib, razılaşacaqlar…

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki