“Arsenal” futbol klubu yarımmüdafiəçi və komandanın kapitanı Martin Edeqor ilə müqaviləni uzatmağa ümid edir.
Busaat.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano özünün “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, yaxın həftələrdə London klubu norveçli futbolçu ilə yeni müqavilə ilə bağlı danışıqlar aparacaq. Edeqor ilə müqavilənin uzadılması “Arsenal”ın bu il əsas prioritetlərindən biridir.
Qeyd edək ki, Edeqor 2021-ci ildə “Arsenal”a keçib. İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə yarımmüdafiəçi 45 matçda oynayıb. Onun vurduğu 15 qolla yanaşı, 8 məhsuldar ötürmə də var.
Mövsümün sonunda “Arsenal” qızıl medalları “Mançester Siti”yə uduzaraq İngiltərə çempionatının turnir cədvəlində ikinci yerdə qərarlaşıb.
Martin Edeqor Transfermarkt tərəfindən 80 milyon avro dəyərində qiymətləndirilir.