“27 Sentyabr Azərbaycanda Anım Günüdür”

image-4-1backend

27 Sentyabr zəfər yolumuzun başlanğıcıdır. Bu yolda qürurla andığımız tarixlər, qələbələr var. Onların hər biri böyük  xalqın səbrinin mükafatı ,şəhid ruhlarının tapındığı bir məqamdır.

Düz 2 il bundan əvvəl ordumuzun şücaəti ilə torpaqlarımız işğaldan

azad olundu. Sentyabrın 27-dən etibarən 44 gün ərzində igid oğullarımız ərazi bütövlüyü uğrunda öz canlarını qurban verdilər. Öz qanları ilə Azərbaycan tarixinin ən böyük zəfər salnaməsinə imza atdılar.

Ermənilərin  Füzuli ətrafında apardıqları son təxribat əməlləri “Qarabağ” adlı mübarizəmizin yeni səhifəsini açdı.27 Sentyabr 27 ildir ki, dolan səbr kasasının daşdığı gün idi. Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.Ön cəbhədə qızğın döyüşlərin bərabərində, arxa cəbhəni dərin sükut ağuşuna almışdı. İlk zəfər xəbərləri isə  bizi nigarançılıqlarımızdan ayırdı. Vəziyyətin ciddiliyini anlayan Ermənistan höküməti isə səfərbərlik elan etdi.Bizdə isə vəziyyət başqa idi.Ordu potensialımızın qane edici olması Azərbaycanın əlavə qüvvəyə ehtiyac duymadan da, bu müharibəyə hazır olduğunu göstərirdi. Həmin ordu otuz ilə yaxın davam edən ədalətsizliyə yerini göstərəcəkdi. Müharibənin elə ilk günü bir ailənin beş üzvü eyni gündə erməni təxribatının qurbanına çevrildi. Onlardan ikisinin məktəbli olması, gücünü döyüş meydanında göstərmək əvəzinə, qisasını mülki əhalidən xüsusilə az yaşıllardan almağa çalışanların mənfur niyyətini təsdiqlədi. Axşam saatlarında isə Murov zirvəsinin azad olunması haqqında aldığımız xəbər isə müharibənin ağ-qara sifətini zəfər rənginə boyadı. Bu xəbər zəfər yolunda qönçəsini açan ilk xarıbülbül idi. Düz  qırx dörd gündən sonra o xarıbülbül bütün Qarabağa yayılacaq idi.

Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdılar və şəhidlərimizin qisası alındı. Azərbaycan hərbi gücü,qüdrəti ilə dünyaya səs saldı.44 günün hər bir dəqiqəsini,saatını Qələbə sorağı ilə böyük həyəcan,səbrsizliklə gözləyirdik.Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm olaraq müraciətlər etdi.Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı və dəmir yumruq altında birləşdirərək,müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi.

Vətən müharibəsinin qızğın dövrlərində mənfur düşmənlərimizin  dinc əhaliyə qarşı etdikləri erməni təxribatları dayanmamış daha da güclənmişdi.Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4,5,8,11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb.Ümumillikdə bu dəhşətli terror nəticəsində 26 nəfər həlak olmuş,175 nəfər yaralanmışdır,çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.Eyni zamanda,Azərbaycanın digər böyük şəhəri olan Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olmuş,112 nəfər yaralanmışdı.Lakin bunlar Azərbaycan xalqını sarsıtmamış,mübarizə əzmini gücləndirmişdi.

Biz Vətən müharibəsində minlərlə şəhid vermişik,həmvətənlilərimizin arasında itkin düşənlər,yaralanaraq sağlamlığını itirənlər var.Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin,qazilərimizin qanı-canı bahasına azad edilib.Müzəffər Ordumuzun bu gün yazdığı tarixsabahımız üçün möhkəm bünövrədir.

Noyabrın 10-da Azərbaycan Prezidenti,Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu,noyabrın 25-də Kəlbəcər rayonu,dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib.10 noyabr 2020 -ci il hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qarabağ ərazisindəki digər şəhər,qəsəbə,kəndlər üzərində də Azərbaycanın suverenliyi bərqərar olmuş,Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.

Dövlətimiz mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir,bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır,xatirəsini uca tutur.Bu Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış,ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə,bütün şəhidlərimizə vəfa borcumuzdur.

Prezident,Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir,onların xatirəsinin əbədiləşdirilməsini,eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,ölkəmizin ərazi bütövlüyü ylunda canından keçmiş əsgər və zabitlərimizə,bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

 

 Azərbaycan Dövlət Pedaqoji Universiteti

                                                                       Alızadə Mehriban

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90