Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin səhhətilə bağlı xəbər yayılıb.
Əməkdaşımız Artur Rasizadənin yaxınları ilə əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib.
Xatırladaq ki, bir neçə gündən sonra – fevralın 26-da Artur Rasizadə yubileyini qeyd edəcək – onun 90 yaşı tamam olur.
Artur Rasizadə Azərbaycanın Baş naziri postunda düz 22 il çalışıb.
Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasındandır. O, kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğludur. A.Rasizadənin anası milliyətçə rus olub.
Onlar ailədə iki övlad olublar – Artur və bacısı Tamella…
Artur Rasizadə Azərbaycanın məşhur şairi Hüseyn Cavidin qardaşı nəvəsidir.
O, 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.
Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması zavodunda mühəndis vəzifəsində başlayıb, sonra müxtəlif vəzifələrdə çalışıb.
1996-cı ildə mərhum dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə Baş nazir təyin edilib. 2003-cü ilin avqust – noyabr aylarında Baş nazir səlahiyyətlərinin İlham Əliyevə verilməsilə əlaqədar Artur Rasizadə hökumət rəhbərinin birinci müavini vəzifəsini icra edib.
2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə qaytarılıb.
Prezident İlham Əliyev 2005-ci ildə Artur Rasizadəyə “İstiqlal” ordeni, 2010-cu ildə 75 yaşının tamam olması münasibətilə “Şərəf” ordeni verib.
2015-ci ildə Artur Rasizadə 80 illik yubileyilə bağlı ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.
Artur Rasizadə 2018-ci il aprelin 21-də Nazirlər Kabineti yenidən formalaşdırılarkən təqaüdə yola salınıb.
Artur Rasizadənin həyat yoldaşı – mərhum Aida xanımın atası azərbaycanlı, anası isə rus olub. Aida xanım 2017-ci ildə vəfat edib.
Sabiq baş nazirin yeganə övladı – qızı Nailə Rasizadə 1961-ci ildə Bakıda doğulub. İlk orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alıb. Nailə Rasizadə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft və Kimya İnstitutu) bitirib. N.Rasizadə evlidir, Tahir və Rəna adlı iki övladı var.