Alman gənc ailəsi ilə mübahisə edib “səyahət”ə çıxdı – Qazaxda həbs olundu

image-almanbackend

Gürcüstandan Azərbaycana qeyri-qanuni yolla daxil olmuş Almaniya vətəndaşı V.S həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qazax Rayon Məhkəməsinin hökmü ilə 2005-ci il təvəllüdlü şəxsə 4 ay həbs cəzası verilib.

Məlum olub ki, Almaniya vətəndaşı olan macərapərəst gənc ötən ilin noyabrında Gürcüstandan qeyri-qanuni yolla Qazaxın kəndlərindən birinə keçib. Az sonra o, sərhədçilər tərəfindən saxlanılıb.

Barəsində Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə iş açılan V.S ifadəsində bildirib ki, dünya ölkələrinə səyahət etməyi planlaşdırıbmış:

“2005-ci ildə ildə Almaniya Federativ Respublikasının Bautzen şəhərində anadan olmuşam. Subayam, əvvəllər fermada mexanik işləmişəm. Ailəmlə – atam, anam və yaşda məndən balaca iki qardaşımla birlikdə Almaniyanın Bautzen şəhərinin Jiedlitz kəndində yaşayıram. Atamla anam həmin kənddə yerləşən özümüzə məxsus restoranda işləyirlər.

Mən işləmədiyim üçün tez-tez atamla aramızda mübahisələr olurdu. Sonuncu dəfə atam məndən işləmədiyim üçün evi tərk etməyimi istədi. Həm buna görə, həm Türkiyə, Gürcüstan, Azərbaycan, Nepal və digər başqa ölkələri gəzmək, həm də gürcüstanlı sevdiyim qızı görmək üçün avtobusa bilet alaraq Münhen şəhərindən Bolqarıstanın Sofiya şəhərinə getdim.

Orada bir gün meşədə qaldıqdan sonra yolda tanımadığım yük avtomobilinə yaxınlaşıb məni Türkiyəyə aparmağını xahiş etdim. Həmin yük avtomobili ilə bir gün yol getdikdən sonra Türkiyənin Çorlu şəhərinə çatdım. Həmin şəhərdə də yolda avtostop edəndən sonra İstanbul şəhərinə getdim. Daha sonra İstanbul – Tbilisi aviareysinə bilet alaraq Tbilisiyə uçdum, üç gün burada küçədə qaldım.

Oradakı insanlardan və mobil telefonda olan xəritədən istifadə edərək piyada yola düşərək iki gün yol gəldikdən sonra Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsinə yaxınlaşdım. Orada mənə Azərbaycana keçməyin mümkün olmadığını bildirdilər. Daha sonra dağlıq ərazilərlə Azərbaycan istiqamətində yolumu davam etdirdim, təxminən 10-12 saat yol getdikdən sonra adını bilmədiyim kəndə çatdım. Qarşıma çıxan şəxsdən yemək və gecə qalmaq üçün yer soruşdum. Qısa müddətdən sonra sərhədçilər tərəfindən saxlanıldım”.

Qeyd edək ki, məhkəmə prosesi fevralın 11-də başa çatıb. Cəzasının bitməsindən sonra V.S-in Azərbaycandan deportasiya edilməsi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki