AP ilə əlaqəli korrupsiya istintaqında 1,5 milyon avro nağd pul ələ keçirildi

image-avropa-parlamenti-yenibackend

Avropa Parlamentinin (AP) keçmiş vitse-prezidentlərindən olan yunan deputat Eva Kailinin də ittiham olunduğu korrupsiya istintaqında ələ keçirilən nağd pulun məbləğinin 1,5 milyon avro olduğu bildirilib.

Busaat.az xəbər verir ki, bu iddia ilə Belçika mətbuatı çıxış edib.

Belçika mətbuatında yayılan xəbərə görə, Belçika Federal Prokurorluğu istintaq çərçivəsində aparılan axtarışlar zamanı 1,5 milyon avro nağd pul ələ keçirib.

Qeyd olunub ki, pulun əhəmiyyətli hissəsi Eva Kaili və AP-dəki S&D qrupunun keçmiş italiyalı deputatı, İtaliyanın Articulo Uno Partiyasının üzvü Pier-Antonio Panzerinin mənzillərində tapılıb.

Korrupsiya araşdırması haqqında ilk məlumatı yayan Belçikanın “Le Soir” qəzeti, polisin götürdüyü pulların fotoşəkillərini dərc edib.

Qəzet Kailinin atası Aleksandros Kailinin də pulla dolu çanta ilə Brüsseldəki oteldə saxlanıldığını açıqlayıb. Aleksandros Kailinin daha sonra sərbəst buraxıldığı bildirilir.

Belçika Federal Prokurorluğu korrupsiya istintaqı çərçivəsində Belçika və İtaliyada 20 nöqtədə axtarış aparıldığını, şübhəlinin evində 600 min avro, bundan başqa bir otel otağında çantada bir neçə yüz min avro tapıldığını bildirib. Brüsseldə başqa bir AP millət vəkilinin mənzilində 150 ​​min avro olduğu açıqlanıb. Prokurorluq korrupsiyada ittiham olunanların adlarını açıqlamayıb.

Dörd məhbusun Kaili ilə birlikdə korrupsiya və rüşvətxorluq ittihamı ilə Brüsseldə keçiriləcək məhkəmənin ilkin iclasına gətiriləcəyi gözlənilir.

Belçika Federal Prokurorluğu dekabrın 9-da elan edib ki, adı açıqlanmayan Körfəz ölkəsi bir neçə ay ərzində AP-nin qərarlarına təsir göstərmək üçün AP-də strateji mövqedə olan insanlara külli miqdarda nağd pul verdiyi və yüksək dəyərli hədiyyələr təklif etdiyi şübhəsi ilə istintaq başladılıb.

Bundan sonra isə, dünya mətbuatı Eva Kaili və digərlərinin AP-nin iqtisadi və siyasi qərarlarına təsir etmək üçün Qətərdən rüşvət aldığını iddia edib. Qətər bu ittihamları rədd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki