Autizmə oğlanlarda daha çox rast gəlinir – Səhiyyə Nazirliyi

image-usaqbackend

“Yaranma səbəbi elmə məlum olmayan autizm spektr pozuntuları (ASP) qızlara nisbətən oğlanlarda dörd dəfə çox rast gəlinir. Ümumiyyətlə, son 20-30 il ərzində ASP olan uşaqlarının sayının kəskin şəkildə artmasına şahid oluruq. Statistik məlumatlara görə, dünya ölkələrində 160 uşaqdan biri ASP-dən əziyyət çəkir”.

Busaat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova bildirib.

Onun sözlərinə görə, autizmin risk faktorlarına valideynlərin yaşı, ananın psixi və fiziki sağlamlığı, ekoloji faktorlar, qida və digər amillər aid edilir. Burada irsilik faktorunun da böyük əhəmiyyəti var. Nəsildə autizmdən əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olacağı istisna deyil.

Ekspert, həmçinin bildirib ki, illər öncə uşaqlarda autizmin yaranmasını onlara vurulan peyvəndlərlə əlaqələndirirdilərsə, aparılan tədqiqatlar bu fərziyyələri təkzib edib.

G. Musabəyova əlavə edib ki, uşaqlarda ən çox rast gəlinən autizmin əlamətləri məhdud maraqlar və davranış, təkrarlanmalar, nitqdə gerilik, hiperaktivlik, əhval-ruhiyyənin qeyri-stabilliyi və sairdir:

“Ona görə də valideynlər uşaq doğulduğu andan 3 yaşına qədər ana qucağında olmaq istəməməsi, anası və digər yaxın adamlar ilə əlaqə yaratmaması, ətrafda baş verən hadisələrə marağının olmaması, ailə üzvlərindən birinə güclü bağlılığına diqqət yetirməlidir. 3 yaşdan yuxarı isə digər insanların emosiyalarını çətin anlamaları, dostluq münasibətləri bağlaya bilməməsi, öz təşəbbüsü ilə əlaqə yaratmaması, komanda oyunlarında iştirak edə bilməməsi, ətrafdakılara qarşı tənhalıq nümayişi valideynləri narahat etməlidir”.

Həkimin sözlərinə görə, ASP olan uşaqların valideynləri ilk simptomları müşahidə edəndə adətən uşaq poliklinikalarına müraciət edilməlidir. Onlar uşaqlarda problemləri aşkarlayaraq, düzgün diaqnoz qoyulması üçün mütəxəssislərin (psixopedaqoqlar, loqopedlər, psixoloqlar və s.) yanına yönəltməlidirlər.

Ekspert qeyd edib ki, uşaqlarda autizmin olması nə qədər tez aşkarlanarsa, göstərilən yardımlar daha da effektiv olacaq:

“Valideynlər övladlarına qarşı diqqətli olmalıdırlar. İlk növbədə, mütəxəssislərin erkən müdaxiləsi çox önəmlidir. Ümumiyyətlə, autizm spektrli uşağı tərbiyə etmək ailə üçün böyük stressdir. Belə ki, bu sindromlu uşaqlara qulluq etmək böyük diqqət və dözüm tələb edir, çünki onların bəziləri həddən artıq fəaldılar. Eyni zamanda, autizm spektrli uşaqların güclü tərəfləri istifadə olunmalıdır, çünki onların içərisində xüsusi fitri istedada malik olanlar da az deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki