Azərbaycan-İran əlaqələri bütövlükdə region ölkələri üçün faydalıdır -Tənzilə Rüstəmxanlı yazır

image-media-17458601464859449567_1200x630-zyglj1backend

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də qonşu ölkələrlə mehriban münasibətlərin qurulması, qarşılıqlı-faydalı əməkdaşlıq, regional təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təşkili, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasından ibarətdir.Bu baxımdan, qədim tarixə malik Azərbaycan və İran İslam Respublikası arasında əlaqələr dövlətimizin xarici siyasət kursunda mühüm yer tutur. Hər iki xalqın tarixi və mədəni yaxınlığı bu münasibətlərin əsasını təşkil edir. Azərbaycanla İran arasında mədəni əlaqələr sahəsində heç vaxt problem olmayıb. Çünki o taydan gələn qonaqlar bu tayda həmişə soydaş və dindaş kimi çox isti qarşılanıb. Bu isə Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günləri keçirilməsi məqsədini məntiqi olduğunu bir daha təsdiqləyir.

Azərbaycan hər zaman İranla mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılmasına xüsusi önəm verib. Səfirliyimizə edilən terror hücumundan sonra iki ölkə arasındakı diplomatik münasibətlərdə müəyyən durğunluq yaranmışdı. Halbu ki, yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan ilə İran arasında münasibətlərin təməli təkcə coğrafi, sərhədd yaxınlığıyla deyil, eyni zamanda ortaq mədəniyyət, dil, din və adət-ənənələrlə bağlıdır. Bu mənada İran prezidenti Məsud Pezişkinanın geniş tərkibdə Azərbaycana rəsmi səfəri Bakı ilə Tehran arasında əlaqələrin yenidən canlanması və yeni bir səhifənin açılması kimi qiymətləndirilməlidir. Prezident Pezeşkianın ölkəmizə səfəri çərçivəsində Bakıda keçirilən Azərbaycan-İran biznes forumu da əhəmiyyətli hadisə oldu. Məsud Pezişkianın “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər” fikri son dərəcə ciddi mesaj idi.

image-img-20250302-wa0052-scaled

Azərbaycanla İranın önəmli beynəlxalq layihələrdə iştirak etdiyini diqqətə çatdıran dövlətimizin başçısı ölkələrimizin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq etdiyini söylədi. Bundan başqa Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. İran Prezidentinin Azərbaycana rəsmi səfəri Prezident İlham Əliyevin bəyan etdiyi kimi çox gözəl siyasi nəticələrlə yadda qaldı. Əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin iki dövlət və eyni zamanda bütövlükdə region ölkələri üçün faydalı olacağı şübhə doğurmur.

Səfər çərçivəsində iqtisadi anlaşmalarla bərabər eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret anlaşmalar əldə olundu. Sonuncu qarşılıqlı mədəniyyət günlərinin səkkiz il bundan əvvəl keçirildiyi təəssüflə qeyd edilməklə yanaşı və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi qərara alınıb. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki