“Demokratikləşmə bizə erməniləri burada problem yaratmadan yaşamağa razı salmaq üçün deyil. Bizə ona görə lazımdır ki, bizi şəffaf və hesabatlı hökumətlər idarə etsin, büdcənin hər 100 manatından 30-40 manatı nəhəng korrupsiya şəbəkəsinin cibinə getməsin”.
Busaat.az xəbər verir ki, bunu Azərbaycanın əldə etdiyi qələbə fonunda sonrakı siyasi gedişatını dəyərləndirən iqtisadçı Rövşən Ağayev bildirib.
Rövşən Ağayevə görə, ordumuz işğal altında olan torpaqlarımızın az qala 80%-ni azad etməklə, 700 minə nəfər yaxın məcburi köçkünlərimizin öz yurdlarına qayıtmasını təmin etməklə, çox ciddi problemlərimizin həllinə nail oldu:
“Sentyabrın 27-dək işğal altındakı bütün ərazilərimizdən az qala əlini tamamən üzən insanlarımız üçün bu nəticə hazırda mümkün ola biləcək ən yaxşı nəticədir. Azərbaycan cəmiyyəti 27 il ərzində öz iradəsinə uyğun sivil və demokratik cəmiyyət quruculuğuna nail ola bilmədisə, hazırda üzləşdiyimiz reallığı da dəyişəsi deyil. Bu baxımdan əldə olunan nəticələri emosinal şəkildə faciələşdirmək bizə fayda gətirəsi deyil. Bugünkü siyasi nəticələr faciə deyil, amma ciddi riskləri var. Bu riskləri neytrallaşdırmaq özümüzdən asılı olacaq. Azərbaycan mümkün olduğu qədər demokratikləşməlidir. Qələbə eyforiyası altında siyasi azadlıqların daha da boğulacağı, bir siyasi qüvvənin bütün alternativləri sıradan çıxararaq təkbaşına hökmranlığını daha da gücləndirəcəyi tədqirdə həmin risklər faciəyə çevriləcək. Hərbi əməliyyatların gedişi dövründə demokratikləşmə təşəbbüslərinə daş atan xeyli insan gördüm. Demokratikləşmə bizə erməniləri burada problem yaratmadan yaşamağa razı salmaq üçün deyil. Bizə ona görə lazımdır ki, bizi şəffaf və hesabatlı hökumətlər idarə etsin, büdcənin hər 100 manatından 30-40 manatı nəhəng korrupsiya şəbəkəsinin cibinə getməsin. Demokratiya ermənilərin könlünü almaq, qərbliyə xoş görünmək üçün yox, özümüzə xoş güzəran, dayanıqlı inkişafı təmin etmək, daha güclü ordu qurmaq üçün lazımdır.
Demokratik mühit ən ucqar kənddə oturan insanların yaradıcı potensiallarını aşkarlayır, bütün sahələrdə ən işıqlı adamların söz sahibi olmasına mühit yaradır. Dronların ciddi dəstəyilə qazandığımız hərbi uğurlar da göstərdi ki, elm və texnologiyadan yapışmayan ölkələr yaxın onilllikərin məğlub ölkələri sırasında olacaqlar.
Nəhəng iqtisadi resurslara, 100 illərlə formalaşmış ənənəyə söykənən barmaqla sayılacaq imperiya dövlətləri nəzərə alınmasa, kiçik ölkələrin güclü olmasının tək yolu demokratiləşmədir. Dünyada bunun əksini sübut edən tək nümunə belə yoxdur”.
Gülay