Fevral ayının 7-də keçirilən növbədən kənar prezident seçkilərində İlham Heydər oglu Əliyev qalib gələrək yenidən Azərbaycan Respublikasının prezidenti seçildi. Fevralın 11-i Mərkəzi Seçki Komissiyası “2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında” Qərar qəbul etmişdir. Fevralın 13-ü Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etmiş və Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Azərbaycan Respublikasının Prezidenti seçildiyini elan etmişdir. Artıq İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.Bu illər ərzində ən böyük uğur isə o olmuşdur ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq. 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı, suverenliyimiz tam bərpa olundu. 2023-cü ilin sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalı idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi Ölkənin tarixində əbədi olaraq qalacaq əlamətdar hadisə idi. Fevralın 14-də Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər. Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm.”; Prezident əlini müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.”;
İlkanə Vəliyeva
Nəsimi rayon gənci