Birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlı olan Azərbaycan-Türkiyə-Pakistanın dövlət başçılarının ikinci Zirvə görüşü bir çox mühüm məqamları ilə əlamətdar tarixi hadisə idi.
Birincisi, Zirvənin Azərbaycanın Müstəqillik Günündə, məhz, erməni işğalından azad edilmiş Şərqi Zəngəzurda – Laçında keçirilməsi rəmzi məna daşıyırdı. Belə ki, hər üç dost ölkə bütün zamanlarda suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi, mənəvi dəstəyi qürurla xatırlayırıq. Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan da öz növbəsində daim Türkiyə və Pakistanın yanında olub. Pakistan və Hindistan arasında baş verən sonuncu gərginlikdə biz bu dəstəyi real nümunisini bir daha yaxından izlədik. Bütün bunlara rəğmən regionda ciddi aktor sayılan hər üç ölkə liderlərinin Laçına gəlməsi, səsləndirdiyi bəyanatlar, verdiyi mesajlar Cənubi Qafqazda sülh və əminamanlıq, uzunmüddətli təhlükəsizliyin təmini baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
İkincisi, Laçın Zirvəsi 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib Azərbaycan, Türkiyə və Pakistanın strateji mövqeyindən və dinamik iqtisadi potensialından istifadə etməklə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından geniş imkanlar vəd etdi. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inam ifadə olundu. “Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir” deyən Azərbaycan lideri qarşılıqlı ticarət dövriyyəsinin şaxələndiriləcəyi və artırılacağı anonsunu verdi. Burda Azərbaycan və Türkiyə nümunəsi xüsusilə diqqət çəkir. İki ölkə arasında uğurlu enerji əməkdaşlığı yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsini dəyişib, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən “Orta Dəhliz”i təşkil edən Şərq-Qərb, Cənub-Qərb, Şimal-Cənub strateji nəqliyyat yollarında multimodal yük marşrutunun inkişafı ilə bağlı rəsmi İslamabadın təşəbbüsləri və yaxından iştirakı böyük ümidlər vəd edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərdən dərhal sonra jurnalistlərə açıqlamasında “Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvan üçün təkcə quru yolu deyil, həm də Türkiyə üzərindən Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bu dəhlizin qısa müddətdə açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcək” bəyanatı isə sözügedən dəhlizə qarşı çıxan dairələrə açıq ismarıc idi.
Laçın Zirvəsi, bu çərçivədə açılışı olan infrastuktur layihələri, xüsusilə Laçın Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması həmçinin, 30 illik işğaldan sonra bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsinin təzahürü sayılmalıdır. Hava limanı eyni zamanda Şərqi Zəngəzurun dünya ilə inteqrasiyasına mühüm töhfə verəcək, digər uğurlu əməkdaşlıq sahəsi sayılan turizm əlaqələrinin gücləndirilməsini şərtləndirəcək.
Üçüncüsü, Müdafiə sahəsində əməkdaşlıq hər üç ölkənin tərəfdaşlığında önəmli istiqamətlərdən birini təşkil edir. Bu xüsusda birgə hərbi təlimlər və hərbi-texniki sahədə həyata keçirilən digər layihələr ciddi potensiala malikdir. Və ən əsası sözügedən əməkdaşlıq geniş coğrafiyada sülh və sabitliyə xidmət edir. Rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrininin araşdırılmasının gündəmə gətirilməsi isə daha böyük perspektivlərin müjdəçisi sayılmalıdır. Beləliklə, yerləşdiyimiz coğrafiya və ümumilikdə regionda baş verən siyasi kataklizmlər, yeni çağırışlar, dünyanın iqtisadi çətinliklər, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla üz-üzə qaldığı bir vaxtda belə bir üçtərəfli əməkdaşlıq formatının mövcudluğu, dost ölkələr arasında həmrəylik ciddi önəm kəsb edir. Türkiyə Prezidentinin də qeyd etdiyi kimi bu bir seçim deyil, zərurətdir. Başqa sözlə, qütbləşmənin dərinləşdiyi, beynəlxalq sistemin getdikcə legitimlik böhranına sürükləndiyi bir dönəmdə qarşılıqlı dəstəyə əsaslanan, dərin tarixi-mənəvi tellərlə bağlı olan Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı həyati əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, zamanın sınağından keçmiş bu münasibətlər xalqların mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə, firavanlığa mühüm töhfələr verəcək. Ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələr arasında ortaq baxışı əks etdirən güclü bir çərçivə sənədinin hazırlanması xəbəri isə əməkdaşlığın institusional səviyyəyə çatdırılacağına şübhə yeri qoymur.
Əlibala Məhərrəmzadə
Milli Məclisin deputatı