Azərbaycanda Türkçülük mövzusunda sistemli elmi-nəzəri araşdırmaların aparılmaması səbəbilə düşüncə həyatımızda böyük bir boşluq mövcuddur. Bu boşluğu doldurmaq, indiki qarışıqlıq və
qaranlığı aydınlatmaq üçün Türkçü Düşüncə Birliyi, bu ilin iyun ayında “Birinci Türkçülük Çalışmaları” adlı proqramı həyata keçirməyi planlaşdırır. Məqsəd Azərbaycanda Türk millətinin problemlərini ortaya çıxartmaq, bu problemlərin çözüm yollarını tapmaq, roblemləri milli gündəmə daşımaqdır.
Türkçülük Çalışmalarının birincisi üçün üstünlük verilən mövzular
bunlardır:
– Azərbaycanda Türk millətinin əsas problemləri; tək etnonim məsələsinin önəmi; millət, milliyət, etnik azlıq anlayışları;
– Milli tarix şüurunun yerləşməsi və yüksəlməsi üçün gərəkənlər;
– Millət qurucularımız, onların yaratdığı mirasın mənimsənilməsi problemi;
– Tarixi qəhrəmanlarımız sahəsində indiki durum; tarixi qəhrəman anlayışının parametrləri; bu siyahıda yer alacaq həqiqi qəhrəmanlarımız;
– Milli günlərimiz və simvollarımız mövzusunun önəmi; bu sahədəki əskiklərimiz;
– Türkçülük-çağdaşçılıq münasibətləri;
– Türkçülüyün İslama münasibəti;
– Turançılığın mahiyyəti; Türk Dünyasında bütünləşmənin problemləri və gələcəyi.
Bu mövzular barədə düşüncəyə sahibi olan dostlarımız canlı, ya da onlayn formatda məruzəçi və (və ya) məqalə müəllifi olaraq proqrama qatıla bilərlər. Konfransda məruzə müddəti ən çox 15 dəqiqə, məqalə həcmi isə 5 səhifədir. Redaksiya heyəti tərəfindən dəyərləndirildikdən sonra məqalələr kitablaşdırılacaqdır. Çap olunacaq məqalələrlə bağlı tələblər daha sonra bildiriləcəkdir.
Birinci Türkçülük Çalışmalarında yer almaq istəyənlər TDB-nin gmail adresi ilə ([email protected]) əlaqə saxlaya bilərlər.