Azərbaycanda ən gəlirli sahələr – Hamı pulunu bura yatırır

image-manat33backend

Dünyanın bir çox ölkələrində başlıca yatırım və gəlirli biznes sahələri sürətlə yer dəyişməkdədir. 20-25 il öncə olduqca yüksək mənfəətlər əldə edilən iş sektorlarının bir çoxunda artıq tənəzzül yaşanmaqdadır. Şübhəsiz, Azərbaycanda da biznes və gəlir sektorlarında ciddi yeniliklər mövcuddur. Artıq bir çox vətəndaşlar maddi resurslarını tamam fərqli istiqamətlərə yönləndirməyə üstünlük verirlər. Ölkəmizdə ən mənfəətli yatırım sahələri konkret hansılardır? Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, Azərbaycanda nisbətən gəlirli sahələr ictimai-iaşə və ticarətdir:

“Azərbaycanda nə qədər təəccüblü olsa da, hələ də ən gəlirli sahə neft-qaz sahəsidir. Prinsipcə, ictimai iaşə, ticarət kimi sahələr də nisbətən gəlirli sektorlardır. Xüsusən, elektronika və avadanlıq ticarətində ciddi qazanc əldə etmək olar. Amma bu, istehlak sahəsidir. Yəni Azərbaycanda sənaye və yüksək texnologiyalar inkişaf etmir.

Qeyd etdiyim sahələrdə, uzun müddətli perspektivdə ölkə iqtisadiyyatı üçün heç nə gətirmir. Əgər dünya bazarına neft və qazdan başqa heç nə satmırıqsa, son nəticədə bu o deməkdir ki, alıcılıq qabiliyyətimiz azalacaq və bu sahələr elə də gəlirli olmayacaq”.

 

Ekspert qeyd edib ki, ölkədə daha gəlirli biznes mühitinin inkişafı üçün bir sıra çətinliklər var:

 

“Dəqiq desək, bu gün Azərbaycanın inkişafı sadəcə neft və qaz hesabınadır. Başqa hansısa ciddi gəlir yoxdur. Başqa sahələrin hansı səbəblərdən inkişaf etməməsi isə uzun mövzudur. Reallıq odur ki, sahibkarlar burada özünü müdafiə edilmiş hiss etmir. Ümumiyyətlə, hər bir ölkədə bazar iqtisadiyyatının inkişafının 3 təməl prinsipi var. Birinci, mülkiyyət hüququ müdafiə, ikincisi, bağlanılan müqavilələrin icra, üçüncüsü, sağlam rəqabət mühiti olmalıdır. Çox təəssüf ki, sadalanan hər 3 prinsipin heç biri icra olunmur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki