Bakı Rusiya ilə RAZILAŞDIRDI – Qarabağı bu tarixdə TƏRK EDƏCƏKLƏR

image-111-1-780x470backend

Rusiyanın destruktiv Cənubi Qafqaz siyasəti Ermənistan və Azərbaycanın Rusiya sülhməramlıları ilə bağlı narazılıqlarına səbəb olur. İrəvan onun ümidlərini doğrultmayan Moskvadan uzaqlaşmağa can atır, Moskva isə iki ölkəni birləşdirən bağları daha da möhkəmləndirməyə çalışır.

Ermənistan xarici işlər nazirinin Lavrov-Bayramov görüşündən imtina etməsi, Azərbaycan prezidentinin isə MDB ölkələrinin qeyri-rəsmi görüşündə Putin və Paşinyanla ayaqüstü qısa danışıqlar aparması Rusiyanın uğursuz Cənubi Qafqaz siyasətinin bariz göstəricisidir.

Rusiyanın Ukrayna və digər xarici siyasət cəbhələrində buraxdığı səhvlər onun Cənubi Qafqazdakı pərakəndə siyasətində də özünü açıq göstərməkdədir. Lakin Qərb Moskvanın buraxdığı boşluqları öz xeyirinə kompensasiya etmək məqsədilə müxtəlif diplomatik kanallar vasitəsilə İrəvanı inandırmağa çalışdı və buna nail oldu ki, daha Rusiya səni himayə edə bilməz, onun orbitindən kənarlaşmasan, Kreml səni də özü ilə birgə bataqlığa yuvarlayacaq.

Bütün bu deyilənləri il ərzində Fransa prezidenti Emanuel Makron, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin başçısı Riçard Murun İrəvana gedib bu ölkənin baş naziri Nikol Paşinyanla qapalı müzakirələr aparmasından anlamaq elə də çətin deyil. Xüsusilə son həftələr Paşinyan və onun hökumət üzvlərinin Rusiyadan narazı çıxışlarını daha sıx-sıx müşayiət etməkdəyik.

İrəvan inadından əl çəkmək fikrində deyil. Bunu elə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səs-küy yaradan “Rusiya bizə təzyiq edir” açıqlaması özündə ehtiva edir. Rəsmi İrəvan nə qədər də Kremlin təsirindən çıxmaq üçün müxtəlif əsaslı və əsassız səbəblər gətirsə də, bugünkü reallıq ona imkan vermir ki, heç nə olmamış kimi Ermənistan Moskva ilə uzun illərə söykənən diplomatik əlaqələrinə, dostluğuna son qoyub Qərbə reinteqrasiya istiqamətində praktiki gedişlər edə.

Çünki Paşinyanın Putin siyasətindən tamamilə imtina etməsi üçün Kollektiv Qərbin, ABŞ-ın Ermənistana təhlükəsizlik təminatı verməsi gərəkdir ki, bunu da İrəvan üçün nə Pelosi, nə Börns, nə Paşinyanın “bacısı” Makron və nə də Mur üzərinə götürə bilər. Doğrudur, onlar Paşinyana müxtəlif vədlər verə bilərlər, ancaq destruktiv mövqeyindən əl çəkməyən, Azərbaycana qarşı ərazi iddiasını davam etdirən, təxribatlarına ara verməyən Ermənistanı və Qarabağ separatçılarını Azərbaycandan qorumaq ən azı indiki reallıqda onların imkanları xaricində olan bir məsələdir.

44 günlük Vətən müharibəsi ilə regionda və bölgədə reallığı dəyişən, Cənubi Qafqazın coğrafi və siyasi xəritəsində iri həcmli işlər görməyi bacaran Azərbaycan bu gün belə rahatlıqla hər ürəyi istəyən dövləti bölgəyə, sərhədlərinə kimi buraxacaq qədər zəif deyil. Buna heç Rusiya da razı olmaz. Bu məsələdə Moskva ilə Bakının fikr ayrılığı yaşayacağı inandırıcı deyil. O səbəbdən də Rusiya Azərbaycanın legitim ərazilərində sülhməramlılarla separatçıların birgə qanunsuz fəaliyyəti ilə bağlı haqlı narazılıqları getdikcə öz effektini verməkdədir.

18 gün əvvəl azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və digər könüllü qrupların Laçın yolunun Şuşa-Xankəndi hissəsində birgə başlatdığı etiraz aksiyası bu gün artıq öz nəticəsini verməyə başlayıb. Biz şahidi olduq ki, erməni separatçıları yataqlarımızda qanunsuz çalışmalara ara vermək məcburiyyətində qalıblar. Belə ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarı ilə məşğul olan “Base Metals” şirkəti bu məlumat yayıb.

Belə nəticə çıxır ki, Azərbaycanın dinc aksiya yolu ilə 18 günlük təzyiqi nəticə verdi. Ancaq bu hələ başlanğıcdır, güzəştə getmək olmaz, çünki ermənilər hiyləyə əl atıblar, ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət ediblər. Bizim tələbimiz bu deyil, monitorinqi özümüz keçirməliyik, hətta monitorinqə şərait yaradılsa belə, yolda hərbçilərimizin nəzarət postu olmalı, daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlanmalıdır. Amma demək olar ki, Azərbaycan bu məsələdə ilk məqsədinə nail oldu.

Ən yaxşı müdafiə hücumdur

Bakı açıq şəkildə hücum diplomatiyasını seçib. Günlər öncə dövlət başçısı Qərbi Azərbaycan icması ilə görüşü zamanı Azərbaycanın gündəliyində dayanan yaxın perespektivdə yeni və ən böyük hədəfini bəyan etdi: “Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır”.

Bunun dərhal ardınca Xarici işlər naziri Ceyhun Bayramov 27 dekabrda 2022-ci ilin yekunlarına dair mətbuat konfransı zamanı tək hesabat xarakterli çıxışı ilə yadda qalmadı, eyni zamanda Azərbaycanın yeni il üçün yeni planlarını və yol xəritəsini açıq şəkildə diqqətə çatdırdı. XİN rəhbəri bu mətbuat konfransı zamanı çoxdandır adı hallanmayan anklav ərazilər – Qazaxın 7 və Naxçıvanın bir kəndi barədə də fikirlər səsləndirilərək deyib ki, Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir.

O, eyni zamanda Qarabağda erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı Rusiyanın mövqeyi haqda dedikləri ilə diqqət çəkdi: Moskva Bakının tələbi qarşısında bildirir ki, “erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir”. 

Konkret desək, Moskva dolayısı ilə Bakıya dedi ki, get məsələni Ermənistanla çöz. Eyni zamanda Moskvanın bu yanaşmasından belə nəticə çıxır ki, Rusiya öhdəliyindən (4-cü bənd) imtina edir. Rusiyanın belə bir qərar dəyişikliyi və üçtərəfli bəyanatda 4-cü bəndlə (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir) bağlı öhdəliyindən imtina etməsini Bakının diqqətinə çatdırması Bakının ziyanından daha çox xeyrinədir.

Çox güman ki, rəsmi Moskva, Qarabağda öz qurduğu separatçı qurumun elə öz əli ilə dağıdılması məcburiyyətində qaldığı üçün, bundan imtina edərək, lazımı addımların Bakı tərəfindən atılmasını istəyir. Bununla Rusiya Qarabağdakı erməni separatçılarının taleyi ilə bağlı məsələni elə Ermənistan hakimiyyətinin üstünə ataraq, özünü bu olaydan zərərsiz çıxarmaq, Ermənistanda artan anti-Rusiya meyllərini daha da qızışdırmamaq adına bir gediş etmək niyyətindədir.

Moskvanın Qarabağdakı qanunsuz erməni silahlı dəstələri ilə bağlı dediklərindən eyni zamanda o da anlaşılır ki, Azərbaycan 30 illik işğala diplomatik yollarla son qoya bilmədiyi üçün, ərazi bütövlüyünü ordusunun gücü bahasına bərpa etdiyi kimi, Rusiya mesaj verir ki, müvəqqəti nəzarət zonamızda istənilən anti-terror əməliyyatı aparmaq səlahiyyətin var, biz bu məsələdə daha sizə mane olmayacağıq.

Rusiyanın özünü həm Bakının, həm də ermənilərin qınağından qurtarmaq, nüfuzunun daha da bu məsələ üzərindən xərclənməməsi məqsədilə belə qərar verməsini Ukrayna ilə savaş fonunda nəzər salsaq, anlamaq olar ki, Moskva bütün diqqətini Şərqi Avropadakı hadisələrə yönəltmək, məhz mübarizəsini bir cəbhədə aparmaq niyyətindədir.

Çox güman ki, Rusiya XİN başçısı dekabrın 23-də Ceyhun Bayramovla, görüşü zamanı, Əliyev isə Sankt-Peterburqda Putinlə görüşündə Moskvanı inandırmağı bacarıb ki, Azərbaycan bölgəyə hər hansı bir kənar qüvvənin gəlməsində qəti maraqlı deyil, Rusiyanın iştirakı ilə imzalanan bəyanatda sülhməramlıların Qarabağda müvəqqəti 5 il qalması məsələsi ilə bağlı öhdəliyinə Azərbaycan üçün ciddi bir narahatlıq ortaya çıxmayacağı təqdirdə sadiq qalacaq.

Rusiya tərəfinin Bakıya Qarabağdakı separatçılarla bağlı məsələnizi Ermənistanla aranızda həll edin deyərək faktiki olaraq öz öhdəliklərindən birindən (10 oyabr üçtərəfli bəyanatının 4-cü bəndi) imtina etmiş sayılır. O bəndə daxil digər öhdəlik isə “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır” məsələsi ilə bağlıdır.

Buradan belə nəticə çıxır ki, Moskva bu bəndə daxil olan öhdəlikdən çox asanlıqla imtina edərək, bütün məsuliyyəti Bakı ilə İrəvanın boynuna yüklədiyi kimi, Azərbaycan da artıq Qarabağdakı “missiyalarının” bitməsinə 2 ildən az bir müddət qalmış sülhməramlıların bölgədə qalması məsələsi ilə bağlı hazırkı müddəanın tətbiqinə xitam vermək kimi deyure hüquq əldə etmiş olur. Bu da sülhmramlıların 2 il sonra şələ-şülələrini də yığıb Qarabağdan ilim-ilim itəcəyi anlamına gəlir.

Putinin MDB dövlət başçıları ilə görüşü əsnasında Nikol Paşinyanla ikili söhbəti zamanı  “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi (“Əlbəttə, əsas məsələ bütövlükdə Cənubi Qafqazdakı vəziyyətin və Ermənistan-Azərbaycan münasibətlərinin, Qarabağla bağlı hər şeyin nizamlanmasıdır”) də, – baxmayaraq ki, Lavrov Bayramovla ayın 23-də Moskva görüşü zamanı “Qarabağ rəhbərliyi” ifadəsi işlətməklə separatizmi dəstəklədiyinə işarə etmişdi, – Rusiyanın Bakının təzyiqləri qarşısında artıq tab gətirə bilmədiyindən xəbər verir.

Paşinyanın isə ötən gün “Ermənistan Qarabağdakı ermənilərə daha 1 milyon dollar ayıracaq” bəyanatı Rusiyanın “separatçıların Qarabağdan çıxarılması məsələsini Ermənistanla həll edin” mövqeyinin nə qədər haqlı olduğunu nümayiş etdirdi. Baxmayaraq ki, bu zamana kimi istər Soçi görüşləri, istər Brüssel danışıqları zamanı, istərsə də Praqadakı müzakirələr zamanı Nikol Paşinyan Qarabağda qanunsuz silahlı birləşmələrin, separatçı quldur başçılarının Ermənistanla bir aidiyyatının olmadığını təkrar-təkrar bəyan edirdi, amma onun bu açıqlaması bir daha təsdiq edir ki, elə Ermənistan hakimiyyəti qondarma rejim qalıqlarının bölgədə mövcudluğunda ən maraqlı tərəflərdən biridir. Bununla da Paşinyan həftələr öncəyə kimi etdiyi bu açıqlamaları növbəti qərarı ilə təkzib etmiş oldu.

Hürüşünü bilməyən köpək sürüyə qurd gətirər…

Ermənistan hərbi-siyasi rəhbərliyi çox da desə də ki, biz separatçılara dəstək vermirik, onların Ermənistana bir aidiyyatı yoxdur, amma görürük ki, rəsmi İrəvan indi daha fəal şəkildə istər humanitar yardım nöqteyi nəzərdən sülhməramlı vasitəsilə, istərsə də maliyyə köçürmələri nöqteyi nəzərdən əlini separatçı qurumun üzərindən götürmək niyyətində deyil.

Hadisələrin bu cür inkişafı Bakıya imkan verir ki, Azərbaycanın güc strukturları legitim ərazisi olan sülhməramlıların müvəqqəti nəzarət zonasında günü bu gündən anti-terror əməliyyatlarına start verərək, separatçıları və onlara tabe olan quldur dəstələri zərərsizləşdirsin. Ermənistan tərəfi Rusiyanın bir qədər neytral mövqe sərgilmək cəhdinə nə qədər ciddi səylə narazı olduğunu çatdırmağa çalışsa da fakt-faktlığında qalır ki, İrəvan üçün Rusiyadan imtina Ermənistanın sonunu daha da tezləşdirəcək. İrəvan-Kreml münasibətlərində çat nə qədər dərinləşsə də, Ermənistan Rusiyadan imtina da edə bilmir, çünki Azərbaycan və Türkiyə ilə üz-üzə qalmaqdan qorxur.

Ceyhun Bayramovun məlum mətbuat konfransı zamanı “Zəngəzur dəhlizi məsələsini Ermənistanla yox, Rusiya ilə həll edəcəyik” deməsi də Moskvaya Bakının “Dəhlizin öhdəliyi sənin üzərində, hətta təhlükəsizliyinə görə də sən cavabdehsən. İndi sözünün arxasında dur” mesajıdır. Bayramovun bu açıqlaması Ermənistanda sillə effekti verməyə bilməz. XİN başçısı bununla da rəsmi İrəvana demiş olur ki, “Sənin qərarın əvvəldən də bizim istəyimiz qarşısında bir şey deyildi. Sadəcə istəyirdik ki, bu məsələdə siz də öz xoşluğunuzla iştiraka razılıq verəsiniz. İndi ki, istəmədiniz, o zaman izləyin…”.

Sankt-Peterburqda Putin-Əliyev-Paşinyan görüşü ilə bağlı Kreml rəhbərinin açıqlaması da deməyə əsas verir ki, heç də hər şey Ermənistan üçün Qərbin verdiyi vədlər qədər sadə və asan deyil. Xüsusilə tərəflərin heç birinin bu barədə rəsmi məlumat verməməsi görüşün qeyri-formal xarakter daşımasından ziyadə, Putinin Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərində vasitəçiliyini davam etdirdiyini açıqlaması Qərb- Emanuel Makron nə qədər səy göstərsə də Moskvanın Bakı ilə İrəvan arasında hələ də əsas moderator olaraq qaldığına bir işarədir. //Milli.Az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90