Bakıda ev problemi pik həddə: Qiymətlər, şərtlər, şərait – EKSPERT rəyi

image-tikili-bina342backend

Bakının əsas problemlərindən biri sayılan kirayə ev məsələsi ətrafında davam edən problemlər artan templə davam edir. Demək olar ki, şəhərdə kirayəyə mənzil tapmaq mümkün deyil, yaxud kirayəyə təklif edilən mənzillər həm qiymət, həm də ümumi keyfiyyət baxımından dəyərindən qat-qat artıq qiymətə təklif edilir.

Kirayə mənzil bazarında bir digər əsas problem isə, tələb edən şəxsin cinsiyyətinə və ailə vəziyyətinə görə ev sahibləri tərəfindən qiymətləndirilməsidir. Əksər mənzil sahibləri oğlan tələbələrə və ya tələbə olmayan digər kişilərə ev kirayəyə verməkdən imtina edir. Bu isə, onsuzda çətinliklər yaşanan kirayə mənzil bazarında əlavə problem olaraq üzə çıxır.

Bəs, Bakıda mənzil problemi nədən qaynaqlanır? Bu problemlərin həlli mümkündürmü? Həll yolları nədən ibarətdir?

Bu baradə Busaat.az-ın suallarını əmlak məsələləri üzrə mütəxəssiz Elnur Fərzəliyev cavablandırıb:

image-elnur-ferzeliyev

“Bakıda mövcud ev problemləri, xüsusilə tələbələrin ev məsələsi həmişə aktual olub. Hər il bu problem demək olar ki, daha çox dərinləşir. Burada bir çox səbəblər var. İlk növbədə ali təhsil müəssisələrinin böyük bir hissəsi paytaxt Bakıda yerləşir. Hər il bölgələrdən minlərlə tələbə Bakıya təhsil almaq üçün gəlir. Bu o deməkdir ki, minlərlə mənzil sırf tələbələr tərəfindən kirayələnir. Burada söhbət sırf ucuz mənzillərdən gedir. Yəni bina evlərində, 1 və 2 otaqlı köhnə binalarda, mərkəzə yaxın ərazilərdə yerləşən həyət evləri nəzərdə tutulur”.

Ekspert şəhərdə ev qıtlığının səbəblərini belə izah edib: “Artıq 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə Bakı şəhərində istismar müddətini bitirmiş binaların söküntüsünə başlanılıb. Çox sayda köhnə yaşayış binaları, çoxmənzilli binalar sökülüb və sökülməyə davam edir. Daha çox sökülən təxminən 3-4 mərtəbəli binalardır ki, bu binaların birotaqlı kirayə evlərində qiymət 200-300 manat, ikiotaqlı mənzillərdə isə təxminən 300-400 manat arasında dəyişir. Bu binalar söküləndə nə baş verir? Həmin binaların sakinləri məcburən özləri sökülən binanın yerində yeni tikilmiş mənzillər təhvil verilənə qədər kirayədə qalmalıdırlar. Yəni bu proses minimum 2- 2,5 il çəkir. Böyük bir kütlə – şəhərin öz sakinləri, evləri sökülənlər uzunmüddətli mənzilləri kirayələyirlər. Sökülən binaların yerində yeni binalar tikiləndə həmin binalardakı mənzillərin kirayə qiymətləri köhnə binalardan demək olar ki, iki dəfəyə qədər baha olur. Eyni zamanda onların kommunal xərcləri də çoxdur. Bu baxımdan tələbələr üçün həmin mənzilləri kirayələmək əlçatan deyil və qiymətlər bahalaşır. Şəhərin mərkəz ərazilərində bir çox yerlər vardı ki, orda ümumi həyət evləri vardı, həmin ərazilər də zamanla sökülür, müəyyən parklara və çoxmənzilli binalara çevrilir. Orda da kirayə qiymətləri baha qiymətə təklif olunur. Normalda tələbələr yataqxanada birotaqlı mənzildə iki tələbə qalırdısa, indi məcburən birotaqlı mənzildə 3-4 bəzən 5 tələbə bir otaqda və ya iki otaqda qalırlar. Məqsəd bəllidir: kirayə pulunu ödəyə bilsinlər. Bu da ki, tələbələrin normal dərs oxumalarına, istirahət etmələrinə maneçilik yaradır. Sovetlər dövründə bütün ali təhsil müəssisələrinin öz yataqxanaları var idi. Birinci Qarabağ Müharibəsindən sonra bizim məcburi köçkünlərin bir hissəsi həmin yataqxanalara sığınıblar. Artıq o yataqxanaların böyük bir hissəsi boşaldılıb. Çünki məcburi köçkünlərin böyük bir hissəsinə dövlət ev verib, onlar üçün şəhərciklər tikib, onları evlə təmin edib. Beləcə o yataqxanaların böyük bir hissəsi boşalıb. Amma onlar yaşayış üçün yararsızdır. Hamısı demək olar ki, qəzalı vəziyyətdədir”.

Şəhərin ümumi mənzil problemlərindən danışan ekspert bu problemlərdən çıxış yollarını da səsləndirib: “Bu problemin çıxış yollarından biri də o yataqxanaları söküb onların yerinə daha hündür mərtəbəli, daha geniş, daha böyük yeni tələbə şəhərcikləri, yeni tələbə yataqxanaları salmaqdır ki, orada mənzilləri minimal qiymətlə tələbələrə kirayə verməklə bu problemin bir qismini aradan qaldırmaq olar. Çünki artıq zamanla ardıcıl köhnə binalar sökülür, söküldükcə ucuz evlər tələbələr üçün əlçatmaz olur. Onlar da məcburən Bakı ətrafında – Abşeron, Masazır, Xırdalan və digər ərazilərdən ev kirayələyirlər ki, qiymət ucuz olsun. Bu halda isə, tələbə ən azından hər gününün bir neçə saatını sırf yollarda, tıxaclarda keçirməli olur. Bu baxımdan tələbə yataqxanaları tikilməlidir. Çünki paytaxtda kirayə qalan tək tələbələr deyil, paytaxt sakinlərinin bir qismi də evləri olmadığı üçün və yaxud gənc ailələr kirayədə qalmaq məcburiyyətindədirlər. Onlara da ev tapmaq çox çətinləşir. Həmçinin bölgələrdən iş üçün gələn insanlara da ucuz ev tapmaq çətin olur. Tələbə problemi həll olunarsa artıq bazarda kirayə evlərin sayı artar. Beləcə hər kəs həmin evlərdən yararlana bilər. Digər məsələ də ali təhsil müəssisələrinin bölgələrə köçürülməsidir ki, köçürülmə reallaşsa həm bölgələrin iqtisadi vəziyyəti yaxşılaşar, həm də şəhərdə sıxlıq müəyyən qədər azalar. Təsəvvür edin böyük bir ali təhsil müəssisəsi hansısa digər rayona köçürülür və orda minlərlə tələbə təhsil alır, minlərlə tələbə o rayonda evlər kirayələyir, o rayonun marketindən, kafe-restoranından istifadə edir. Bu isə, həmin əraziyə kütləvi sürətdə pul axını deməkdir. Bu da ümumi iqtisadi vəziyyətin yaxşılaşmasına gətirib çıxarar. Təbii ki, Bakıda bəzi universitetlərin tələbə yataqxanaları var. Amma bu çox məhdud saydadır. Sadəcə tələbələrin çox az qismini təmin edilə bilir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki