Tanınmış plastik-cərrah Türkan Gündüz ötən gecə Novxanı kəndində yerləşən bağ evində qətlə yetirilib.
Busaat.az xəbər verir ki, bu barədə Abşeron rayon prokurorluğundan bildirilib. Məlumata görə, mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
Qeyd edək ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.
Qətli törədən Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların 14 il əvvəl ailə həyatı qurduğu bildirilir.