Bakının Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 10 il keçir

image-5d74cb2f-6d4e-4f6e-8a45-5895c9f7384fbackend

Bakının Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 10 il ötür.

Busaat.az xatırladır ki, 2015-ci ilin 19 may tarixində səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə xəsarət alıb.

Yanğının başlamasına səbəb kimi binanın üzərinə çəkilmiş poliuretan üzlüklər göstərilib, belə ki, yanğından bir müddət əvvəl binanın çöl hissəsi sözügedən üzlüklərlə üzlənib

image-ttltceov9rqrledgzvgbwvcsqmdblkt1kvzoanbk_640

Yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixili sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. 20 may tarixində İlham Əliyev hadisə yerini ziyarət edib.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət Məcəlləsinin üç maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov həbs ediliblər.

Yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat verilib. Bundan əlavə, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım ödənilib.

Binanın təmiri üçün dövlət büdcəsindən 3 milyon manat ayrılıb. Ümumilikdə isə yuxarıda göstərilən xərclərin ödənilməsi üçün Azərbaycanın 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat vəsait təqdim edilib.

Binəqədi rayonunda yerləşən yaşayış binasında baş verən yanğın nəticəsində həlak olan şəxslər:

1. Fərəh Elnur qızı Məhərrəmova (3 yaş)

2. Sahib Rəhim oğlu Bağırov (49 yaş)

3. Firəngiz Rəhim qızı Bağırova (60 yaş)

4. Zülfiyyə Yavər qızı Şirinova (43 yaş)

5. Yaşar Fazil oğlu Nəcəfzadə (27 yaş)

6. Davud Hamir oğlu Eyvazov (16 yaş)

7. Ülkər Hamir qızı Eyvazova (21 yaş)

8. Ömər Vüqar oğlu Cavadov (yaş yarımlıq)

9. Nazilə Malik qızı Kərimova (39 yaş)

10. Ayan Anar qızı Kərimova (5 yaş)

11. Ayxan Şahin oğlu Hüseynov (2 yaş)

12. Alla Antonavna Həsənova (58 yaş)

13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş)

14. Boykova Lyubov Viktorovna (87 yaş)

15. Elmira Əliağa qızı Yəhyayeva (68 yaş).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki