Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Londona işgüzar səfərə gedib.
Bu barədə Busaat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyəti ölkəmizin Birləşmiş Krallıqdakı səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsi ehtiramla yad olunub. Daha sonra səfirliyin əməkdaşları ilə görüş keçirilib.
Konfransın açılış mərasimində İngiltərə və Uelsin Baş prokuroru Viktoriya Prentis, Kral Prokurorluq Xidmətinin rəhbəri Maks Hill və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Xuan Batista Mahikes qonaqları salamlayaraq konfransın cinayətkarlığın müasir təzahürlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın uğurla davam etdirilməsinə müsbət töhfə verəcəyini vurğulayıblar, tədbirin işinə uğurlar arzu ediblər.
Sentyabrın 25-də Konfransın plenar sessiyasında çıxış edən Baş prokuror Kamran Əliyev ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışaraq müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb.
Bundan başqa, konfrans çərçivəsində Kamran Əliyev Türkiyə, Səudiyyə Ərəbistanı, Fələstin, Tayland, Gürcüstan, Lixtenşteyn, Moldova, Tacikistan və digər dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirib. İkitərəfli hüquqi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmaqla yanaşı, Baş prokuror sentyabr ayının 19-da Müzaffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal anti-terror tədbirləri barədə həmkarlarını məlumatlandırıb.
Baş prokurorun Londona işgüzar səfəri çərçivəsində Birləşmiş Krallığın Milli Cinayət Agentliyində (NCA) ikitərəfli görüş keçirilib. Əməliyyatlar üzrə Baş direktor Rob Consla keçirilmiş görüşdə ölkələrimiz arasında transmilli cinayətkarlıqla, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və sair mütəşəkkil cinayətlərə qarşı effektiv mübarizə məsələləri müzakirə olunub.
Görüşdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov iştirak edib.
Nümayəndə heyətinin Birləşmiş Krallığa səfəri davam edir.