“Basqal” ölkəmizin qədim kəndlərindən biridir

image-1backend

 

 

Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə  aid abidələrlə zəngin olan “qalalar” adlanan ərazi qədim insan məskəni olub.

Basqal qəsəbəsi 1932-1933 -cü illərdə İsmayıllı  rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə  tikildiyi güman edilir. “Basqal” toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVII əsrə  aid hamam və məscid kimi qədim abidələr aiddir. Basqal Azərbaycan SSR Nazirlər Sovetinin 28 iyul 1989-cu il tarixli 316 saylı qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan olunub. 2018-ci ilin 3 oktbayr  tarixində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Azərbaycan Respublikası  prezidenti İlham Əliyev  sərəncam imzalamışdır.

İsmayıllı rayonunun Basqal qəsəbəsi Böyük Qafqaz sıra dağlarının cənub yamacında – Niyaldağ silsiləsinin ətəyində yerləşir. Baş-başa verib, çiyin-çiyinə dayanaraq sanki Basqala keşik çəkən və hündürlüyü 2100 metrə çatan dağlar bu yerlərin əzəmətinin, qüdrətinin rəmzidir. Təbiət vurğunu olan alimlər Basqalı coğrafi landşaftı, təmiz ab-havası, bumbuz, büllur kimi bulaqları, müalicə və şəfa qaynaqları, yamyaşıl bağları sıx meşələri və səfalı seyrangahlarına görə təbiət muzeyi, gözəlliklər çələngi adlandırmışlar.

Basqal qədim və zəngin tarixə, mədəniyyət və çoxəsrlik ənənəyə malik abidələrimizdən biridir.

Bunlar xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən maddi mədəniyyət abidələri – orta əsrlərə aid qalalar, qala divarları, səngərlər, tarixi-memarlıq tikililəri, yazılı daşlar, kürəbənd su və kürəbənd kanalizasiya şəbəkələri, sənətkarlıq məhəllələri, məscid və pirlər, bulaqlar, qədim yol izləri, qəbiristanlıq, hamam, bazar meydanı və başqalarıdır. Bu abidələr xalqımızın mədəniyyətinin, tarixinin bir parçasıdır, neçə-neçə memar və ustanın əməyinin, ağlının tarixə çevrilmiş yadigarıdır. Basqal Azərbaycanın qədim şəhərsalma mədəniyyətinin öyrənilməsi baxımından da çox maraqlı və qiymətli bir abidədir.

Şamaxı ilə Qəbələni birləşdirən qədim karvan yolunun üstündə olması, ətraf ərazinin 2000-2400 illik, bəzi yerlərdə isə daha qədim tarixə malik abidələrlə (Gürdüvan, Uzunboylar, Nüydü, Lahıc, Qırlartəpə və s.) zənginliyi, bilavasitə ona bitişik ərazidə Xankəndi, Fit və Niyaldağ abidələrinin mövcudluğu özü-özlüyündə Basqalın da bir yaşayış məntəqəsi olmaq etibarı ilə qədimliyi barədə düşünməyə məntiqi əsas verir. Basqal ətrafı ərazilərdə aparılmış arxeoloji axtarışların nəticələri də alimin bu mülahizələrini təsdiqləyir.

Basqalı məşhur və zəngin edən, hər şeydən əvvəl, onun ipəyi və kəlağayısı olmuşdur.

XVIII-XIX əsrlərə aid mənbələrdən məlum olur ki, Basqal bu dövrdə ipək kəlağayı istehsalında nəinki Azərbaycanda, eləcə də bütöv Cənubi Qafqazda mərkəzi mövqe tutmuşdur.

Vaxtilə Azərbaycanı gəzib-dolaşmış Şərqin və Qərbin bütün səyyahları, tacirləri, alimləri öz əsərlərində Basqalın zövqlə işlənmiş ipək parçalarından, zərif kəlağayılarından da bəhs etmişlər.

Basqalda xalq sənətkarlığının, xüsusilə toxuculuğun, ipəkçiliyin, boyaqçılığın keçmiş olduğu tarixi inkişaf yolu barədə ətraflı məlumat toplamaq, eyni zamanda, zəngin kəlağayı istehsalı ənənələrinin təbliği, qorunması və öyrənilməsi məqsədilə kəlağayı muzeyi təşkil edildi. Bu, maraqlı və ibrətamiz bir muzeydir.

Burada nümayiş olunan eksponatlar içərisində kəlağayılar üçün əsas bəzək elementləri olan neçə-neçə incə naxışlardan xəbər verən ağac qəlib nümunələri mühüm yer tutur.

Kiçik stol arxasında orta yaşlı bir kişi ilə tanış olduq. Abbasəli Talıbov idi. Tələsmədən kağız üzərində nəsə çəkirdi.

Onun stolunun üstündə cürbəcür alətlər, müxtəlif biçimli ağac parçaları, rəngbərəng karton əlindən yer yox idi.

Heç bir xüsusi tədris məktəbini bitirməyən bu adam maraqlı və çətin bir sənətlə məşğuldur. O, Basqal kəlağayılarının naxışlarını yaxşı bilən ustalardan biridir. Muzeydə çoxlu zərif saplar, ayrı-ayrı bitkilərdən alınmış qırmızı, qara, sarı, yaşıl, bənövşəyi və s. rəng nümunələri, eyni zamanda, onların müxtəlif çalarları üçün ayrıca rəngab küpləri, boyaqxanada istifadə olunan yardımçı istehsal ləvazimatı nümayiş olunur.

Vaxtilə rəngi solmayan ən yüksək keyfiyyətli boyağı yerli boyaq bitkilərindən alırdılar. Ərazinin boyaq bitkiləri ilə zənginliyi və toxuculuğun yüksək dərəcədə inkişafı Basqalda boyaqçılıq sənətinin geniş yayılması üçün əlverişli şərait yaratmış və o, müstəqil sənət sahəsi kimi inkişaf etmişdir.

Muzeydə al-qırmızı, qızılı, gümüşü, yaşıl və başqa könül oxşayan saplarla, xırda zərif muncuqlarla, daş-qaşla işlənmiş bədii tikmələr, ipək parçalar, geyimlər, bəzək nümunələri, qədim dəzgahların hissələri, bir çox istehsal ləvazimatı və nəhayət, bərli-bəzəkli kəlağayılar nümayiş olunur. Vaxtilə məşhur olan, böyük şöhrət qazanan Basqal kəlağayısı, ipəyi, qanovuz parçaları, allı-güllü yorğan üzləri, bədii tikmələri yaxşı olardı ki, bu gün də məişətimizdə geniş yayılaydı.

 

Zərinə Hümbətova— Bakı şəhəri Nəsimi rayon sakini

 

 

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90