Bayden prezidentlik yarışından GERİ ÇƏKİLDİ: Trampın geri dönüşü planları pozur

image-248backend

 ABŞ Prezidenti Co Bayden prezidentlik uğrunda yarışdan çıxıb. O, yenidən ABŞ prezidenti seçilmək istəmədiyini bildirib. Bayden hələlik səlahiyyət müddəti başa çatana qədər prezident postunda qalacaq.

“İnanıram ki, vəzifəmi tərk etməyim və bütün diqqətimi prezident kimi öz vəzifələrimi yerinə yetirməyə yönəltməyim partiyamın və ölkəmin ən yaxşı mənafelərinə uyğun olardı”, – prezident rəsmi müraciətdə bildirib.

Samir Hümbətov: politoloq

Diplomatiya  Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında bildirib ki, Baydenin seçkilərdən geri çəkiləcəyi gözlənilən idi.

Onun sözlərinə görə, Baydenin hərəkətləri, yaş faktoru və müəyyən xəstəlikləri mövcud idi:

“Görünən odur ki, Baydeni geri çəkən ABŞ-nin özü oldu. Nəticədə Baydenin yerinə daha güclü namizəd irəli sürüldü. Co Baydeni əvəz edəcək şəxs Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harris olacaq. Bu namizəd kifayət qədər güclüdür”.

Müsahibimizə görə, sadəcə Kamala Harrisin Baydenə və seçkilərə nə dərəcədə təsir edəcəyi sual altındadır:

“Çünki Donald Trampın şansları daha çoxdur. Ümumilikdə ABŞ-də hər şeyin baş verməsi mümkündür. Əsas odur ki, ABŞ dərin dövləti hansı namizədin seçilməsinə daha çox üstünlük verəcək. Baxmayaraq ki, sui-qəsd cəhdindən sonra Trampı dəstəkləyənlərin sayı artıb”.

Azər Həsrət, siyasi şərhçi

Siyasi şərhçi Azər Həsrət Busaat.az-a açıqlamasında Co Baydenin fiziki və əqli cəhətdən prezidentliyə layiq olmadığını bildirib.

Onun sözlərinə görə, Bayden davranışları fonunda namizədliyini geri götürdü:

“Baydenin prezident olmasına çalışan qüvvələr var idi. Belə ki, hazırda ABŞ xüsusən də Rusiya-Ukrayna müharibəsinin davam etməsində maraqlıdır. ABŞ-ni dərin qatlarda idarə edən güclər bu baxımdan Trampın hakimiyyətə gəlməsini istəmirlər. Çünki Trampın geri dönüşü onların planını poza bilər”.

Siyasi şərhçi hesab edir ki, mövcud şəraitdə Tramp öz imkanları ilə ictimai rəydə öndədir.

“Seçkilərdə Baydeni əvəz edən Kamala Harrisin adı hallansa da, hələlik Bayden tərəfdarları bu ad üzərində dayanmayıblar. Hər halda Demokratlar Partiyasının yeni namizəd irəli sürəcəyi gözləniləndir. Yeni namizəd elə bir şəxs ola bilər ki, qısa müddətdə Trampı üstələsin. Yəqin ki, gedişat belə də olacaq”, – deyə Azər Həsrət vurğulayıb.

Qeyd edək ki, uzun illərdən sonra ilk dəfədir ABŞ prezidenti seçkilərdə iştirakdan imtina edir. CNN telekanalı Co Baydenin qərarını 1968-ci ildə ABŞ-nin 36-cı prezidenti Lindon Consonun ikinci müddətə namizəd olmaqdan imtina etməsi ilə müqayisə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki