Bələdiyyələrin torpaq ayırmaları ilə bağlı qəbul etdiyi minlərlə hektar ərazini əhatə edən qərarlar hüquqi qüvvəsini itirib. Ədliyyə Nazirliyinin illik hesabatına əsasən, aparılan inzibati nəzarət tədbirləri nəticəsində 3142 hektar torpaq sahəsinin qanunsuz verilməsi faktı aşkarlanıb. Nazirliyin təklifləri və məhkəmə iddiaları əsasında həmin bələdiyyə aktları ləğv edilərək torpaqlar əvvəlki statusuna qaytarılıb.
Busaat.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bildirilib
Ləğv edilən qərarların böyük hissəsi icarə müqavilələrini əhatə edir. Belə ki, 3121 hektar torpağın icarəyə, 21 hektarın isə mülkiyyətə verilməsi haqqında sənədlər qanunvericiliyin tələblərinə zidd hesab olunub. Bu rəqəmlər göstərir ki, bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsində hələ də ciddi prosedura xətaları və hüquqi boşluqlar qalmaqdadır. Xüsusilə örüş sahələrinin təyinatı kənar istifadəsi ilə bağlı 2057 hektar ərazini əhatə edən aktların ləğvi kənd təsərrüfatı təyinatlı torpaqların qorunması baxımından diqqət çəkir.
Hazırda 2025-ci ilin yekunları üzrə davam edən bu proses torpaq idarəçiliyinə nəzarətin gücləndirildiyini göstərir. Qanunsuz hesab edilən qərarların ləğvi həm də o deməkdir ki, bələdiyyədən torpaq əldə edən şəxslər və müəssisələr üçün hüquqi risklər hələ də aktualdır. Dövlət qurumları örüş sahələrinin zəbt olunması və digər torpaq pozuntularına qarşı mübarizənin növbəti dövrdə də davam edəcəyini bəyan ediblər.
Demokrat.az








