Beynəlxalq riyakarlıq

image-ilham-1backend

Dünyada sülhün və təhlükəsizliyin təmin olunması müasir dövrün ən qlobal problemləri sırasındadır. Qlobal problemlərin uğurlu həlli isə şübhəsiz ki, böyük ölçüdə dünya ölkələri arasında səmimi və səmərəli əməkdaşlığın, birgə qarşılıqlı fəaliyyətin təşkilindən asılıdır. Müasir Azərbaycan Respublikası da ardıcıl sülh təkliflərini daim dəstəkləyir və bu prosesə öz töhfəsini vermək üçün məqsədyönlü fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq hüquq normalarına daim sadiqlik nümayiş etdirir və bu normaların pozulmasına qarşı hər zaman öz qəti etirazını bildirir. Azərbaycan dövləti xüsusən də mülki əhaliyə, dinc insanlara qarşı törədilmiş hərbi cinayətləri qətiyyətlə pisləyir. Lakin təəssüf ki, XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də dünyada beynəlxalq riyakarlıq təzahürləri özünü büruzə verməkdədir.

Azərbaycan Respublikası 2020-ci ildə 44 günlük Vətən müharibəsində Zəfər əldə edərək 30 ilə yaxın müddətdə erməni işğalı altında olan torpaqlarını azad etdi. Həm də ölkəmiz atdığı bu addımla BMT məlum 4 qətnaməsinin icrasını təmin etmiş oldu. Ancaq buna baxmayaraq bəzi xarici qüvvələr münaqişənin həll olunması reallığı ilə barışmaq istəmirlər. Onlar hesab edirlər ki, Cənubi Qafqazda sülhün əldə olunması onların regiona təsir imkanlarını zəiflədəcək. Belə riyakar siyasət yürüdən dövlətlərdən biri və bəlkə də birincisi Fransadır. Fransa 2020-ci ildan başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynamaqda davam edir. Afrikada insanlıq əleyhinə dəhşətli cinayətlər törətmiş bu dövlət indi utanmadan insan haqlarından və ədalətdən danışmağa cəhd edir. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Sözsüz ki, Fransanın Cənubi Qafqazla bağlı məkrli planları artıq heç kəsə sirr deyil. Başda Fransa dövləti olmaqla mənafeyini güdən ölkələrin Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinə müdaxiləsi yolverilməzdir.

Ölkə başçımız Cənab İlham Əliyev 11 oktyabr 2023-cü ildə MDB-yə üzv olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı etdiyi çıxışda bildirdi ki, bütün oyunlara nəhayət ki, son qoyulmalıdır və iki dövlət arasında sülh sazişi imzalanmalıdır. Cənab İlham Əliyev əlavə etdi ki, indi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır. Əgər bu siyasət birtərəfli xarakter daşımırsa və qərəzli deyilsə, biz bu cəhdləri qəbul edirik. Amma Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat və yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır. Bizə belə vasitəçilər lazım deyil. Hər hansı dövlət vasitəçilik etmək istəyirsə, bu, PR-aksiyası xarakteri daşımamalı, əməldə nəticəyə yönəlməlidir. Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hər zaman hazırdır. Ermənistan Rusiya Federasiyasının vasitəçiliyindən imtina edərsə, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Artıq Ermənistan və onun havadarları anlamalıdırlar ki, Cənubi Qafqazda sülhün alternativi yoxdur.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Fəxrəddin Nəsirli

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90