Avropa İttifaqının Azərbaycan sərhədində yerləşdirilmiş “müşahidəçiləri”inin kəşfiyyat fəaliyyətini ifşa edən videofaktlar yayılıb.
Busaat.az-ın məlumatına görə, yayılan videolarda Aİ müşahidəçilərinin sərhədin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli məlumatlar topladığı görünür. “Müşahidə missiyası”nın üzvləri Ermənistan ərazisindən Azərbaycan ərazilərini müahidə edir, foto və videoçəkilişlər həyata keçirir.
Azərbaycan tərəfi Aİ müşahidəçilərinin “mülki missiya” həyata keçirmədiyini, kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu dəfələrlə bəyan edib.
Məlumat üçün bildirək ki, Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət müddəti gələn ilin fevralında başa çatır. Aİ-nin səfiri Vasilis Maraqos bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiya başa çatdıqdan sonra 200-dən çox müşahidəçinin burada qalıb-qalmayacağına hələlik aydınlıq gətirməyib. Onun sözlərinə görə, hələlik yekun qərar yoxdur. Səfir rəsmi İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-etməməsinə də aydınlıq gətirməyib:
“Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”.
Busaat.az xəbər verir ki, siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a deyib ki, Avropa İttifaqının sərhədimizə yerləşdirilmiş “müşahidəçiləri”, əslində isə Fransanın agentura şəbəkəsi regionu mütləq tərk etməlidir.
Ekspert vurğulayıb ki, müddətin uzadılması Ermənistan tərəfindən ona görə müsbət qarşılanmır ki, Azərbaycanın bu məsələdə ciddi narazılığı var:
“Aİ missiyası sülh prosesinə mənfi təsir göstərir. Təbii ki, Aİ müddəti uzatmaqda maraqlı ola bilər, amma bu baş verərsə, artıq ifşa edilmiş “müşahidəçilər” barədə daha sərt bəyanatlar və təsir vasitələri işə düşə bilər. Bu da Aİ-nın regionda sülhə mane olması anlamına gəlir”.
Tural İrfan: Regiona aid olmayan ölkə və təşkilatların bölgəyə müdaxiləsi qəbuledilməzdir
Müsahibimizin sözlərinə görə, dəfələrlə sübut olunub ki, “müşahidə missiyası” Aİ-yə daxil olan və olmayan ölkələrin xüsusi xidmət orqanlarının işçiləridir. Əsasən də Fransa Türkiyə və Azərbaycan əleyhinə iş aparmaq üçün bu prosesə köklənib:
“Ancaq Ermənistan hökuməti də görür ki, havadarları ancaq öz prinsip və maraqlarını düşünürlər. Çalışırlar ki, Ermənistanın qonşuları – Azərbaycan və Türkiyə ilə münasibətləri gərgin vəziyyətdə qalsın”.
“Əgər İrəvan iddia etdiyi kimi real sülhdə maraqlıdırsa,”müşahidə missiyası”nı ölkədən çıxartsın. Regiona aid olmayan ölkə və təşkilatların bölgəyə müdaxiləsi qəbuledilməzdir”, – detə Tural İrfan əlavə edib.