Bir çıxışda min həqiqətin sübutu

image-b4e637351af48c47b524ae9309a35702backend

Prezident İlham Əliyevin cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı bütün revanşist qüvvələrin planlarını puç etdi. Məqaləmin adında da qeyd etdiyim kimi cənab prezidentin bir çıxışı min həqiqəti sübuta yetirdi. Cənab İlham Əliyev çıxışının giriş hissəsində qeyd etdi ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsinin 16 milyard dollar səviyyəsinə yüksəlməsi bunun əyani sübutudur. Dövlətimizin başçısı Forum iştirakçılarının diqqətinə onu da çatdırdı ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Prezident İlham Əliyev məhz bu məqamları vurğulamaqla Forum iştirakçılarına və qlobal siyasəti formalaşdıran aparıcı aktorlara olduqca mühüm olan bu mesajı verdi: “Çünki bu onun göstəricisidir ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir”. Çernobbio Forumunda Azərbaycan Prezidentinin iştirakı həm də ona görə olduqca əhəmiyyətlidir ki, bu tədbirdən iki ay sonra ölkəmiz COP29 kimi beynəlxalq səviyyəli mötəbər platformaya ev sahibliyi edəcək. 200-ə yaxın ölkənin yekdil qərarı ilə həmin tədbirin Azərbaycana etibar edilməsi ölkəmizə göstərilən beynəlxalq etimadın təzahürüdür. Prezident İlham Əliyev COP29-a ev sahibliyi edəcək ölkənin dövlət rəhbəri kimi qarşıya qoyduğu hədəfləri də beynəlxalq auditoriyanın diqqətinə çatdırdı: “Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq… Yəni beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür”. İtaliyaya işgüzar səfəri çərçivəsində Kənd Təssərrüfatı və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığa dair ölkələrimiz arasında imzalanmış Anlaşma Memorandumları, heç şübhəsiz ki, bütövlükdə Avrasiya məkanında inteqrasiya proseslərinin dərinləşməsinə və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olan enerji təhlükəsizliyinin güclənməsinə xidmət edəcək. Həmçinin cənab İlham Əliyevin Çernobbio Forumunda verdiyi mesajlar isə olduqca mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın regionun aparıcı aktoru kimi tutduğu konstruktiv mövqe ilə bağlı beynəlxalq auditoriyada daha dolğun və obyektiv qənaətin konsepsiyalaşmasına geniş vüsət yaradacaq.

Sənan Hüseynov

Nyu-York Elmlər Akademiyasının üzvü ADNSU III kurs tələbəs

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki