Bir dəqiqə yubanma metro üçün dəhşətli rəqəmdir, 8-10 dəqiqəlik yubanmalar isə…- Yeraltı nəqliyyatın problemləri

image-qatar-yjpg-1733744021backend

Bakı metrosu paytaxtımızın əsas ictimai nəqliyyat vasitələrindən biridir. Hazırda sistem 4 xətdən və 27 stansiyadan ibarətdir.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu ictimai nəqliyyatdan gündəlik istifadə edən sərnişinlərin sayı mövsümə və gündəlik sıxlığa görə dəyişir. Belə ki, normal iş günlərində təxminən 650 000-700 000 sərnişin metrodan istifadə edir. Bu rəqəm pik vaxtlarda daha çox olur, xüsusən də səhər və axşam – iş vaxtının başlanğıcı və sonunda.

Lakin metro sistemimizdə böyük problemlər və ciddi əskikliklərin olduğu son zamanlar daha çox müşahidə edilir. Belə ki, “Həzi Aslanov” stansiyasının təmirə bağlanmasından sonra qatarlararası intervallarda ciddi gecikmələr olur. Sıxlıq və köhnəlmiş infrastruktur müəyyən təhlükəsizlik riskləri yaradır. Buna görə də metromuzda biabırçı vəziyyət yaranır.

Bəs bu problemlər nə vaxt həllini tapacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, COP29 ərəfəsində ölkəmizin ən yüklü ictimai nəqliyyatında nisbi sakitlik müşahidə edilirdi:

“Ölkəmizin ev sahibliyi etdiyi COP29 tədbiri ərəfəsində metrodan istifadəçi sayı azalmışdı. Bunun səbəbi isə təhsil müəssisələrinin və dövlət qurumlarının onlayn rejimdə fəaliyyət göstərməsi idi. Bu da o deməkdir ki, gündəlik metrodan istifadə edən sərnişinlərin 25 faizini tələbələr, şagirdlər və təhsil işçiləri təşkil edir. Müşahidə etmək olar ki, yay dövründə də bu tip sıxlığa rast gəlinmir. Qatarların hərəkətində baş verən yubanmalar da demək olar ki, yox səviyyəsinə düşür”.

Texniki nasazlıq məsələlərindən söz açan mətbuat katibi diqqətə çatdırıb ki, bu tip problemlər yaşandıqda ictimaiyyətə dərhal məlumat verilir:

“Metroda baş verən texniki problemlərlə bağlı biz mütəmadi olaraq məlumat veririk. Birmənalı olaraq bu məsələlərə ciddi yanaşırıq. Mövcud vəziyyətdə isə tənzimləmələr yalnız stansiya girişlərində həyata keçirilir. Problemin kökündə dayanan nüans isə xətlərin ayrı olmasıdır”.

Bəxtiyar Məmmədov: Problemlərin həll edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq işlər görülür

Onun sözlərinə görə, bu məsələ ilə bağlı çıxış yolu əldə etmək üçün bir neçə əhəmiyyətli məsələ var:

“İlk növbədə, hər bir xəttin vaqon deposu olmalıdır. Bir xətt digər xəttə kəsişərək birləşməməlidir. Bu istiqamətdə hərəkətlilik artıb. Hazırda bu problemlərin həll edilməsi üçün Bakı şəhərinin Baş Planı rəhbər tutulub, əməkdaşlarımız araşdırma aparmağa davam edir. Biz gündəlik olaraq sərnişinlərlə kontaktda oluruq, onların problemlərini dinləyirik. Bizim vəzifəmiz təbii ki, sərnişinlərin ən yaxşı formada mənzil başına çatmasını təmin etməkdir. Lakin texniki imkanlar bizi çərçivədən kənara çıxmağa qoymur. Qatarların sayı ilə bağlı isə problem yoxdur”.

Son olaraq B.Məmmədov vurğulayıb ki, problem qatarların sayında yox, xətlərin qrafiklərə uyğun hərəkət prosesində yaranan problemlərdir:

“Bir dəqiqə yubanma Bakı metrosu üçün dəhşətli rəqəmdir. 8-10 dəqiqəlik yubanmalar isə ifrat dərəcədə ciddi rəqəmdir. Problemlərin həll edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq işlər görülür”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki