Bir millətin AZADLIQ İMZASI: 107 illik Cümhuriyyət salnaməsi və Qarabağ ZƏFƏRİMİZ – Tənzilə Rüstəmxanlı yazır

image-bez-nazvaniyabackend

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümüdür. 1918-ci il mayın 28-də yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti milli tariximizin qızıl səhifələrindən biridir. Çünki bu tarix Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür.

image-img-20250302-wa0052-scaled

Müsəlman Şərqinə Cümhuriyyət məfkurəsini, idarə-üsulunu Azərbaycan xalqı gətirdi. İstiqlala gətirən yol maarifçilik, milli özünüdərk, milli şüurun formalaşması kimi böyük bir prosesdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa zamanda 350 tarixi ilkə imza atıb. Yenicə qurulmuş gənc dövlət öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti, hökuməti və dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.

Məlum səbəblərdən olduqca az ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. XX yüzilliyin sonlarında Azərbaycan dövləti yenidən istiqlala qovuşdu, Cümhuriyyət ənənələrinə sadiqliyini bəyan etdi. Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi dairələrində diqqət mərkəzində olan müstəqil ölkə, regionun lider dövlətidir. Yenidən müstəqilliyinə qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Sovet imperiyasının çöküşündən sonra Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin azadlığımızın sevincini yaşamamış, yenidən onu itirmək təhlükəsi ilə üzləşdik.

O zaman xalq çarəsiz bir durumda anlayırdı ki, ölkəni düşdüyü bu bəlalardan yalnız Ümummilli Lider Heydər Əliyev xilas edə bilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələb və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. İlk dəfə olaraq üçrəngli bayrağımızı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldıran, Vətənə, xalqa sədaqətini əməli işi ilə sübut edən Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəlməklə təkcə müstəqilliyimizi qorumadı, eyni zamanda, inkişaf və tərəqqimizin fundamental əsaslarını yaratdı. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.

Məhz, Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız iki ildən artıqdır ki, 28 May – Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə bərabər yaşayır və qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki