Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ veriləcək? – Sevindirici xəbər

image-herbi_xidmet_cagiris3backend

Azərbaycanda kolleclərə və peşə məktəblərinə qəbul olan tələbələr ali təhsil müəssisələrinin tələbələrindən fərqli olaraq hazırda hərbi xidmətdən möhlət hüququ əldə etmirlər. Bu səbəbdən həmin gənclər çağırış zamanı təhsillərini yarımçıq qoyaraq hərbi xidmətə yollanmalı olur, nəticədə isə onların təhsil prosesində fasilələr və kəsrlər yaranır.

Maraqlıdır, bu məsələyə yenidən baxılıb qanunda dəyişiklik edilə bilərmi?

Məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, xüsusilə kolleclərə qəbul olan tələbələr üçün möhlət hüququnun tanınması nəzərdən keçirilə bilər:

“Onlar təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb borclarını yerinə yetirsinlər. Bu həm də onların seçdikləri ixtisas üzrə əzmlə çalışmalarına kömək edər. Mövzu maraqlı tərəflərlə müzakirə oluna bilər”.

Deputat qeyd edib ki, peşə məktəblərinə qəbul olunan gənclərin hərbi xidmətə çağırılmasında isə ciddi problem görmür:

“Çünki peşə məktəblərində əsasən praktiki sənətlər öyrədilir. Hərbi xidmətdən sonra da həmin peşənin mənimsənilməsi mümkündür. Bu gün hər bir gənc üçün hərbi xidmət şərəfdir. Vətən qarşısında borcunu ödədikdən sonra peşə təhsilini davam etdirməkdə çətinlik yoxdur”.

Deputatın fikrincə, kolleclərə möhlət hüququnun tanınması həm təhsil sisteminə, həm də əmək bazarına müsbət təsir göstərə bilər:

“Çünki bu addım tələbələrin ixtisas seçimində motivasiyasını artıracaq, onların təhsilini kəsintisiz davam etdirməsinə şərait yaradacaq. Digər tərəfdən, peşə məktəblərinin praktiki yönümlü olması səbəbindən hərbi xidmət fasiləsi onların gələcək karyerasına ciddi təsir göstərmir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki