Borjomidə restoranlar gecələr niyə bağlanır? –REPORTAJ, FOTOLAR

Borjomidə restoranlar gecələr niyə bağlanır? –REPORTAJ, FOTOLARbackend

Bəli, Tiflisin bahalığından, səs-küyündən baş götürüb sakitliyə, təmiz hava axtarışına çıxırıq. Bizi çox uzaq olmayan, Gürcüstan paytaxtından cəmi 156 kilometr aralıda yerləşən, bulaqlar, saf sular, xəstəliklərə əncam Borjomi şəhəri gözləyir. 

Əgər siz avtomobillə gedirsinizsə, Batumiyə gedən istiqaməti tutursunuz, Çaşuri şəhərinə qədər sürürsünüz, orada Borjomiyə dönən yol iri lövhədə göstərilib.

Başqa cür isə 7-8 lari verməklə avtovağzaldan yola düşə bilərsiniz. Əslində, bu şəhər yay mövsümü üçün əlverişlidir. Turistlər istidən, boğanaqdan qurtuluş üçün özlərini Borjomiyə atırlar, sərinliyində dincəlirlər.

Amma qış aylarında da buranın qonağı az olmur. Demək olar ki, bütün otellərin, evlərin müştəriləri var. Çünki möhtəşəm təbiəti, havası, insanı sakitləşdirən görünüşü əsrarəngiz, əvəzsizdir.

Borjomi yüksəklikdə yerləşir, amma o dərəcədə ucqar dağlıq yer deyil, aşırımı da demək olar ki, azdır. Yolboyu sis, duman, çiskin yağış, meşələr valehedicidir.

Kiçik, cəmi 14 min əhalisi olan Borjomidə bəlkə də yerli camaatdan çox turist var. Çünki baş çəkdiyimiz otellərdə yer tapmaq olmurdu.

***

Biz bura çatanda nə qar varıydı, nə şaxta… Havası isə o qədər təmizdir ki, adamın ciyərləri bayram edir. Gedib görənlər üçün analoji bir nümunə gətirim ki, Borjominin havası Tovuzun Əsrik dərəsi kimi möhtəşəmdir.

Eynilə burada da davamlı olaraq çiskin yağış, sis-duman, şeh olur. Yəni, Borjomiyə getmək məsləhətdir. Xüsusən mədə-bağırsaq problemi olanlar üçün olduqca müalicəvi yerdir.

Borjomidə XVIII əsrdə inşa edilmiş Romanovlar sülaləsinin malikanələri qorunub-saxlanılıb.

Borjomi kurortu Kür çayı sahilində, dəniz səviyyəsindən 810—850 m hündürlükdə yerləşir, aşağı dağ yamac kurortlar sırasına daxildir və hər tərəfdən meşələrlə örtülüb. Həm qış, həm də yay aylarında burda mülayim temperatur müşahidə olunur.

Borjomi suyu Borjomi qoruğu ərazisində yerləşən 9 quyudan çıxarılır. Quyuların dərinliyi 1200 metrdən 1500 metrə qədərdir.

***

Hamını maraqlandıran isə qiymətlərdir. Borjomi Tiflisdən ucuzdur. Burada 50-70 lari arası normal şəraitli, interneti olan ev tapa bilərsiniz. Onsuz da böyük olmayan şəhəri piyada gəzmək mümkündür, taksilərə ehtiyac yoxdur. Bura paytaxt kimi qaynamır, sakitliyi sevənlərin məkanıdır.

Turistlər daha çox restoranlarda görünürlər, şəhərdə gəzənlər az sayda gözə dəyir. Restoranlardakı qiymətlər Tiflisdən o qədər fərqlənməsə də, ucuz yerlər da var. Amma maraqlıdır ki, Borjomidə axşam 11-dən sonra restoranların bağlandığını öyrənirik.

Kirayələdiyimiz evin sahibəsi Jujuna xanımın dediyinə görə, bir müddət əvvəl kafelərdən birində baş verən insidentin ölümlə nəticələnməsi, sonra başqa restoranlarda da dava-dalaş düşməsi yerli idarəetmə orqanını bu qərarı verməyə məcbur edib.
Ona görə gecə saatlarında Borjomi restoranlarının açıq olmadığı bildirilir. Biz gecə vaxtı küçədə deyildik, Jujuna xanımın sözlərinin nə qədər həqiqət olduğunu bilmədik. Hər halda yalan da olmaz, restoranlardakı qətl Borjomi restoranlarını axşam saat 11-dən sonra turistlərin üzünə bağlayıb.

Bizsə qar həvəsi ilə Borjomiyə gəlmişdik və deyirlər ki, fikirləşmədən, birmənalı olaraq Bakurianiyə gedin.

Borjomidən 27 kilometr aralıda olan bu dağ bölgəsinə qaçaraq, Bakıda qar üzünə həsrət qalmış adamlar kimi gedirik. Bu möhtəşəm yerdə gördüklərimizi növbəti reportajda oxuya bilərsiniz…

Ardı var…

Emil Salamoğlu

Gürcüstan, Borjomi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki