“Böyük, bütöv və güclü Azərbaycan” ideyası və TARİXİ ZƏRURƏTLƏRHəşim Səhrablı yazır…

image-62cc34414e3fe1133cd1fa75backend
“Qurtuluşun dəlisiyəm, Dəliqanlı Türkəm mən”
və ya,
“Tilsim qırılmışdır artıq! Sındırmışıq qəfəsi
Bu səsə qurşun sıxanın kəsiləcək, kəsiləcək nəfəsi…”

Şeirdən gətirdiyimin üç misralıq bu şüarlar, sanki Azərbaycanın bu günün mövcud siyasi vəziyyətini bütün sirli tərəfləri ilə açıq-aşkar izah edir.
Yüzillərdir şimaldan da, cənubdan da, bu azmış kimi uzaq Qərbdən də işğal və talan niyyətlərinin maraq nöqtəsinə çevrilmiş yurdumuz qurtuluş dəlisinə çevrilmiş, bunun üçün “minlərlə can qurban” olmuşdur.

Ancaq sonda tilsim qırıldı. Qəfəslər sındırıldı və azadlığının dəlisi millətimiz bu gün müstəqildir, öz dövləti var. Ancaq ki, hələ də bu azadlıq səsinə güllə sıxmağa cəhd edən qüvvələr mövcuddur. Necə deyərlər, “Bu səsə qurşun sıxanın kəsiləcək nəfəsi…”

Almaniya iki hissəyə parçalandığı zaman kimsə ehtimal vermirdi ki, bir gün Almaniya təkrar birləşə bilər. Almaniya nəinki birləşdi, hətta dünyanın ən güclü dövlətlərindən birinə çevrildi.

Halbuki dünyaya böyük fəlakətlər vermiş dünya müharibələrinin əsas səbəbkarı elə almanlar olmuş və onların parçalanması dünyada əks-reaksiya görmüşdü. Necə deyərlər, bütün dünyanı qarşısına alıb, hər kəsə meydan oxuyub dünyanın tək söz sahibinə çevrilməyi hədəfləyən bir millət şovenist duyğularının əsiri olmuş, bu əsirlikdən çıxa bilməyərək, reallaşdırmağa çalışdığı böyük məqsədlərin yükünü çiyinlərində tuta bilməmiş və sonda acı məğlubiyyətlərə düçar olaraq qaliblər arasında parçalanmışdı. Kimsə Almaniyaya kömək etmək istəməmiş, bu azmış kimi bu ölkənin parçalanmasına qarşı kimsə hər hansı etiraz etməmişdi.

Ancaq almanlar ümidlərini itirmədilər. Özləri üçün, insanları üçün, ölkələri üçün, ən əsası körpələrinə gözəl gələcək, güclü dövlət miras buraxmaq üçün əzmli oldular və qarşılığında çəkdikləri bütün əziyyətlərin bəhrəsini gördülər. Dünən Almaniyanı parçalayan dövlətlər ki vardı, bu gün BMT-nin əsas beş ölkəsi arasında da varlar. Düşünün ki, onlar indi Almaniyaya qarşı hər hansı bölücü addım ata bilərlərmi?

-Əsla! Çünki Almaniya birləşib, böyük dövlətə çevrilib və yanlız böyük dövlətə çevrildikdən sonra dünya siyasətinin əsas söz sahiblərindən biri olub.
“Böyük, bütöv və güclü Azərbaycan” ideyası səsləndirildikdə isə, Azərbaycan cəmiyyətində vahid düşüncə pozulur. Kimiləri bu ideyaya dəstək verir, başqaları narazılıq edir, bəziləri isə, xüsusi məqsədlərlə bu ideyanın zərərli və şovenist olduğu istiqamətində yanlış düşüncə formalaşdırır.

Böyüklük – mədəni, iqtisadi və sosial sferalarda ölkəmizin inkişafını və yüksək səviyyəyə çatmasını,

Bütövlük – bütün soydaşlarımızın başqa-başqa dövlətlərdə ayrı-ayrı yaşamasını deyil, bir yerdə, eyni dövlətin tərkibində və vahid mərkəzdən idarə edilməklə yaşamasını,

Güclü olmaq – vahid mərkəzə toplaşmış, eyni dövlətdə birləşmiş, mədəni, iqtisadi və sosial sferalarda inkişafı təmin etmiş ölkəmizin yad ünsürlərin təzyiq və təcavüzündən qorunması üçün hərbi-siyasi qüdrətinin artmasını istəyir.

İndi siz deyin, bu üç əsas nüansda şovenist olan və yaxud yanlış nədir?

Mətləbdən çox uzaqlaşmadan qeyd edək ki, bu gün “Böyük, bütöv və güclü Azərbaycan” ideyası tarixi zərurətə çevrilib:

Birincisi, dünyada geosiyasi dəyişikliklər yaşanır və yeni dünyada ən böyüklər əsas söz sahibləri olacaqlar. Digər ölkələr beynəlxalq hüququn var olmasından asılı olmayaraq, əsas dövlətlərin maraqları qarşısında öz maraqlarından müəyyən mənada imtina etmiş olacaq. Bu ən yaxşı versiyadır. Ən pis versiyada ikinci dünya dövlətləri yarı-müstəqil, üçüncü dünya dövlətləri isə, tamamilə vassal hala keçə bilər. Formal olaraq müstəqil olan bu dövlətlər əslində öz siyasi qərarlarını güc mərkəzlərinin maraqlarına uyğun formalaşdıracaq. Ona görə də, vaxt itirmədən, yəni yeni dünya formalaşmadan “Böyük, bütöv və güclü Azərbaycan” olmalıyıq. Əzməyək, amma əzilməyək də…

İkincisi, millətimizin ən təbii haqqıdır ki, öz qandaşları, öz soydaşları və dili bir, özü bir digər parçası ilə vahidləşsin, eyni mərkəzə toplaşsın. Müasir dünyamız imperiyalar deyil, milli dövlətlər şəklində dizayn edilib. Yuxarıda qeyd etdiyim kimi, necə ki, almanlar birləşib və bu birləşmə şovenizm və ya radikalizm olaraq qəbul edilməyib, o şəkildə Azərbaycanın da vahidləşməsi kiməsə təəccüblü olmamalıdır.

Üçüncüsü, Azərbaycanın “Böyük, bütöv və güclü Azərbaycan”a çevrilməsi ona görə zərurətdir ki, bu gün Azərbaycanın suverenliyinə ciddi təhdidlər var. Bu təhdidlər isə, sıradan təhlükə olaraq qəbul edilməməlidir. Ermənistan Azərbaycana qarşı işğal siyasətinə başlayanda, elə indi də bu niyyətlərini davam etdirdiyi halda, hər kəs fərqində idi ki, ermənilər sadəcə aldığı dəstəklər hesabına müəyyən uğurlar əldə edə bilər. Azərbaycan üçün ölümcül təhlükə yoxdur. Amma indi rəqiblər dəyişib, Azərbaycana qarşı təcavüzkar xətt yeridən dövlətlər həm sayca artıb, həm də yeni təcavüzkarlar daha ciddi və dünyanın ən güclü ölkələridir. Zarafat deyil, biz Rusiya, İran və Fransa kimi potensial risklərdən danışırıq.

Bu kimi qüvvələrlə hazırkı kiçik coğrafi sərhədlərdə və on milyonluq nüfuz ilə savaşmaq, yaxud onlara qarşı mübarizə imkanları mümkünsüz görünür. “Böyük, bütöv və güclü Azərbaycan” ideyası reallaşdığı zaman isə, Azərbaycan özü bu ölkələrdən birinə çevriləcək və kimsə, ölkəmizə təcavüz etmək cəsarətində olmayacaq. Əlbəttə, bunun üçün uzun zaman lazımdır, ancaq gecikmədən o uzun zamanın başlanğıcını qoymaq labüddür.

Dördüncüsü, rəsmi Bakı özünə qarşı çevrilmiş bütün təhdidləri düzgün hesablamalıdır. İndiki məqamda anti-Azərbaycan addımları ilə seçilən ölkələrə qarşı yumuşaq siyasət izləmək acı məğlubiyyətlə razılaşmaq deməkdir. Əgər rəsmi Bakı onun əleyhinə olan bütün addımlara lazımi səviyyədə cavab verib mübarizə əzmini ortaya qoymayacaqsa, o halda onun beynəlxalq tərəfdaşları da Azərbaycanı müdafiə etmək məsələsində tərəddüd içində qalacaqlar.

Biz indi başa düşürük ki, “Erməni məsələsi” və Qarabağın işğalı əslində Azərbaycanı “Böyük, bütöv və güclü Azərbaycan” ideyasından uzaqlaşdırmaq üçün qurulmuş effektiv plan idi. Ermənilərin sayəsində bu plan işləyib və düz 30 ildir ki, biz əsas amaldan – “Böyük, bütöv və güclü Azərbaycan” ideyasından uzaqlaşıb hansısa sıradan “erməni dövləti” ilə mübarizə aparırıq.

Ancaq indi necə deyətlər: “Tilsim qırılmışdır artıq! Sındırmışıq qəfəsi

Bu səsə qurşun sıxanın kəsiləcək, kəsiləcək nəfəsi…”

Bu yolda ilk addım isə, təbii ki Cənubi Azərbaycandakı soydaşlarımızın milli hüquqlarının müdafiəsidir. Əgər gələcəkdə Cənubdakı soydaşlarımız milli dövlət qurmaq istəyərsə, o halda bu addım da dəstəklənməlidir. Bu sözlərimiz, Qarabağdakı erməni varlığı ilə Cənubi Azərbaycan məsələsini eyniləşdirmək istəyənlərə fürsət vermir. Ona görə ki, biz hansısa saxta tarixdən danışmırıq, keçmişi ən uzağı işğala dayanan bir reallıqdan da danışmırıq. Biz minillər tarixi olan bir millətin, minillər ərzində dövlət qurub bölgəni idarə etməsindən danışırıq.

İran türklərin məmləkəti olduğu kimi, sabah milli dövlətçiliyini bərpa etmək istəyən Cənubdakı soydaşlarımızı dəstəkləmək həm tarixin ədalət prizmasına uyğundur, həm də ədalətlə eynilik təşkil edir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki