Son günlər Azərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısı yenidən populyarlıq qazanıb. Mahnı Azərbaycanın dahi şairi Əhməd Cavadın 1914-cü ildə Gəncə şəhərində yazdığı “Çırpınırdı Qara dəniz” şeirinə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən dörd il sonra 1918-ci ildə bəstələnmiş musiqi əsasında yaranmışdır. O zaman Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib.
1918-ci ilin sentyabr ayında Azərbaycan” qəzetinin “Ə” imzasıyla gedən “Nuri paşa həzrətləri şərəfinə böyük ziyafət” adlı məqalədə Bakı şəhəri əhalisi tərəfindən Qafqaz İslam Ordusu komandanı Nuri paşanın şərəfinə verilən vida ziyafətində yaddaqalanı isə Bakı məktəblilərindən təşkil olunmuş xorun ifasında “Çırpınırdı, Qara dəniz” nəğməsinin ifası olmuşdu. Tədbirə hazırlıqlar zamanı əlüstü musiqisi yazılan və Bakı məktəblilərinin birləşmiş böyük xorunun coşqu və həyəcanla ifa etdiyiilk bənd –
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
“Ah!…” deyərdim, heç ölməzdim,
Düşə bilsəm ayağına.
…oxunan kimi salon eynən tufana, borana düşən Qara dənizin özü kimi dalğalanır. Böyük alqışlarlar qopur; ara verməyən bu alqışlar gözləri yaşardırdı. Ard-arda baş verən müharibələr görmüş hərb adamlarında bu şərqinin oyatdığı o kövrək duyğular indi gözlərdən yaş olub axırdı. Xüsusən sondakı “Yol ver Türkün bayrağına!” harayı damarda qanı coşduran son damla oldu. Bir-birindən artıq qanlı savaşlara girmiş, çıxmış hərb adamlarının sevinc həyəcanlı bağırtıları möhtəşəm salonu titrədirdi”
Burada Əhməd Cavadın şeirinin dördüncü dördlüyündə olan cümlə barədə çox sual verirlər.
“Həmidiyyə” o Türk qanı!
Heç birinin bitməz şanı!
“Kazbek” olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!
Əzizlərim bu mahnı Türkiyədə “Yol ver türkün bayrağına ” kimi tanınır. Bu mahnı əslində dünyada ” Admiral Nelson” kimi tanınan Hüseyn Rauf Bəy (Orbay)-ın kapitan olduğu Türk döyüş gəmisi “Həmdiyyə”-nin dəniz döyüşlərində qələbəsinə həsr edilib.1912-ci ilin 14 yanvar günündə “gözə görünmədən” Çanaqqala boğazından çıxıb , yeddi aydan çox sürən bir yürüşə başlayan, Yunan, Rus, Bolqar limanlarının qara günlərini başladan Həmdiyyə gəmisi dünyanın diqqətində idi.
Şeirdə adı çəkilən “Kazbek” isə Odessa limanında tam döyüş vəziyyətinə gətirilib Türklərə qarşı hazırlanan iki rus gəmisindən ən böyüyünün adı idi. Digər rus döyüş gəmisi “Kaqul” adlanırdı. Rauf Bəy gecə ikən “Həmdiyyə” gəmisi ilə keçilməz Odessa limanına daxil olmuş, sayca və silahca çox rusların iki böyük gəmisi olan “Kazbek” və “Kaqulu” məhv etmiş, “Kazbek” dənizdə batırılmış, “Kaqulu” isə yararsız hala salınmış idi. Qeyd edim ki, “Kazbek” adının döyüş gəmisinə verən rus dəniz qüvvələri komandanlığı onu Qafqazın ən yüksək zirvələrindən birinə oxşadırdı. Ruslar deyirdilər ki, Kazbek zirvəsini fəth etmək mümkün olmadığı kimi “Kazbek” döyüş gəmisinə də heç kimi qalib gələ bilməz. Rus dəniz donanmalarının fəxri sayılan “Kazbek” ispanların məğlub edilməz armadasına bənzədilirdi. Bu gəmi hər cürə müasir silahlarla təmin edilmiş, komandası isə rus elitasının ən güclü dənizçilərdən ibarət idi.
Lakin “Həmdiyyə” təkbaşına rus elitasının göz bəbəyi olan “Kazbeki” – çox asanlıqla məhv etmiş idi..
Bu qələbə o qədər böyük səs küy yaratmış idi ki, dünyanın ən güclü donanmaları Rauf Bəy ilə döyüşməkdən qaçmışdır.
Rauf Bəy xalq arasında “Həmidiyyə” qəhrəmanı adını aldı. Dənizlərdə yürüş boyunca “Həmidiyyə” düşmən qüvvəsi üçün ələkeçməz oldu.
Rauf Orbay 1942-1944-cü illərdə İngiltərədə Türkiyənin böyük elçisi-səfiri olarkən günlərin birində məşhur U.Çörçil isə ona: “Siz dünya dənizçilik tarixində ən cəsarətli olanlardan öndəsiniz” demişdir.
Rauf Bəy Almaniyada imperator İkinci Vilhelmin qəbulunda olarkən Almaniya imperatoru ona demişdir ” bizim “Emden”, “Libav”, “Qraf Fon Şpeler” kimi gəmilərimiz sizin gəminizdən dəfələrlə güclü idi. Amma bu qüvvə üstünlüyü onların texnika üstünlüyündən irəli gəlirmiş. Siz bacarığınız və igidliyinizlə, qəhrəman dənizçilərinizlə istisna təşkil etdiniz… Siz gəminizin tonnajından səkkiz dəfə çox tonnajı olan düşmən gəmisini batırdınız, sahillərini dağıtdınız və vətəninizə dönə bildiniz. Bu tarixdə siz Türklərə xas olan epopeyadır”
Əhməd Cavad birinci dünya müharibəsi illərində dünyanın ən güclü donanmalarına qalib gələn “Həmidiyyə” barəsində eşidəndə çox sevinmiş və 1914-cü ilin dekabrında gecə ikən bu şeiri yazmışdı. Bu şeiri ilk dəfə əsgərlər qarşısında söyləyən Əhməd Cavad onun Azərbaycan və Türkiyə türkcəsində yazıb saxlamış idi..
İndi ermənilər iddia edirlər ki, guya “Çırpınırdı Qara dəniz” mahnısının sözləri Sayat Novaya məxsusdur, onlar bu əsəri “Kamança” adı ilə təqdim edirdilər. Son zamanlar isə iddia edirlər ki, bu mahnı “Daşnakstyun” Partiyasının “himn”idir. Bu mahnının Azərbaycana mənsub olması ilə bağlı Türkiyədə çəkilən filmlərdə də saysız faktlar mövcuddur. Nəinki Türkiyədə Azərbaycanda 1915-ci ildə qəzetlər, sonradan nəşr edilən dərgi və kitablarda, Bakıda 1918-ci ildə Nuru Paşanın gəlməsi zamanı ifa edilməsi və sairə sübut edir ki, bu şeir dəsti xətti Əhməd Cavad və Üzeyir bəyə aiddir.
1982-ci ildə “Sovetskiy pisatel” nəşriyyatının Leninqrad bölməsində nəşr olunmuş “Саят Нова. Стихи” kitabında da Sayat Novanın bu adda və ya məzmunda şeiri yoxdur. Sayat Novanın araşdırılan bütün əsərlərində belə şeir yoxdur və dəst xətt tam başqadır.
“Çırpınırdı Qara dəniz” şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şeir kitabı olan “Dalğa”ya daxil edilərək nəşr olunmuşdur.
Zaur Əliyev, dosent