Qan qohumluğu olan şəxslərin ailə qurması və bu evliliklərdən dünyaya gələn övladlarda genetik xəstəliklərin ortaya çıxması cəmiyyətdə narahatlıq doğuran məsələlərdəndir. Məsələnin ciddiliyini əsas götürərək ötən günlərdə Ailə Məcəlləsinə qan qohumluğu olan şəxslərin birgə nikahını qadağa edən dəyişiklik təklif olunub.. Ancaq bir sıra sosioloqlar bu məsələnin təsirlərinin birtərəfli olmayacağından narahatdır.
Busaat.az-ın məlumatına görə, ekspertlər bu qərardan sonra qeyri-rəsmi nikahların arta biləcəyini hesab edir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Könül Nurullayeva açıqlamasında bildirib ki, Ailə Məcəlləsinə təklif edilən dəyişkliklər dövlətin sağlam cəmiyyət qurmaq siyasətidir.
Onun sözlərinə görə, qohum nikahlarının əsas fəsadı doğulan uşaqların irsi, genetik xəstəliklərdən əziyyət çəkməsidir:
“Sosioloji sorğular göstərir ki, qohum evliliyinin bir sıra səbəbləri var. Yaşlı nəslin təkidi, gənclərə seçim haqqının verilməməsi, nəsildən-nəslə keçən gərəksiz adətlər, təhsilsizlik və s. qohum evliliklərinin əsas səbəblərindəndir”.
Deputat təklif olunan dəyişikliklərin vətəndaş nikahının sayına təsir edəcəyini hesab etmir:
“Burada hər bir insan məsuliyyəti dərk etməlidir. Valideynlər övladlarının gələcəyini düşünməlidir. Nəzərə alınmalıdır ki, yeni qurulan sağlam ailə həm də sağlam cəmiyyətin təməlidir”.
Könül Nurullayeva: Nəsildən nəsilə keçən gərəksiz adətlər qohum evliliklərinin əsas səbəblərindəndir
O bildirib ki, qanunvericiliyə edilən dəyişikliklər yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınmasına xidmət edir. Müsahibimiz qeyd edib ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmin edilməsinə, cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsadlara səbəb olur. Eyni zamanda qanunvericilikdə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir:
“Üzrlü səbəblərin hansı meyarlara görə müəyyən edildiyi aydın olmadığından bu norma özlüyündə sui-istifadə hallarına səbəb olurdu. Erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır”.
K.Nurullayeva vurğulayıb ki, erkən nikah hələ tam formalaşmayan bir gənc qızın sağlamlığına, psixologiyasına və gələcək həyatına vurulan zərbədir.
“Valideynlər övladlarını erkən nikaha məcbur etməkdənsə, onları təhsilə, peşəyə yönəltməlidirlər”, – deyə deputat fikirlərini yekunlaşdırıb.