Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya ödəniləcək.
Busaat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.
Qərarla Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin ediləcək. 115-ci maddə ilə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri, 117-ci maddə ilə uşaqlı qadınların əlavə məzuniyyətləri, 118-ci maddə ilə isə pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyənləşir:
“Belə ki, işçi fərqli səbəblərdən əlavə və ya əsas məzuniyyətdən tam istifadə etməyibsə o zaman o işdən çıxan zaman ona həmin günlərə görə kompensasiya ödəniləcək. Bu zaman, həm yeraltı işlərdə çalışanların, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətləri olan şəxslərin, həm də uşaqlı qadınların istifadə edilməyən əlavə məzuniyyətlərinə görə ödənişin verilməsi nəzərdə tutulur.
Əgər işçinin çalışdığı müddətdə istifadə etmədiyi 50 gün əlavə və 40 gün əsas məzuniyyət günləri varsa o işdən çıxan zaman ona əlavə olaraq 90 günün məzuniyyət kompensasiyası ödəniləcək. Əgər, gündəlik məzuniyyət haqqı 50 manatdırsa o zaman, həmin işçiyə 4500 manat əlavə kompensasiya ödənişinin verilməsi təmin ediləcək.
Bu qərar işçilərin sosial hüquqlarının daha yaxından qorunması və kompensasiya ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasına xidmət edəcək”.








