Ermənistanın Azərbaycan ərazilərini minalaması məsələsi Cenevrədə müzakirə olunub.
Bu barədə Busaat.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Belə ki, ANAMA, Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmilərindən ibarət nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılması, istehsalı və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya”nın iyirminci görüşündə iştirak edib.
Görüşdə nümayəndə heyəti çıxış edərək Azərbaycanın mövqeyini təqdim edib, ölkəmizin üzləşdiyi mina problemi, hökumətin apardığı genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün bərpa və yenidənqurma işləri barədə məlumat verib, aparılan minatəmizləmə əməliyyatlarının dayanıqlı inkişafa xidmət etdiyini vurğulayıb.
Həmçinin, hər bir minanın regionda sülhə və əminamanlığa maneə yaratdığı və onları aradan qaldırmaqla regionda sabitliyi və təhlükəsizliyi təmin etməyin vacibliyi qeyd edilib.
Səfər çərçivəsində ölkəmizin üzləşdiyi mina probleminə həsr olunan “Humanitar Minatəmizləmə işlərinin çətinlikləri və birgə həll yollarına aparan tərəfdaşlıq” mövzusunda yan tədbiri keçirilib. Otuzdan çox nümayəndənin iştirak etdiyi tədbirin başlıca məqsədi Azərbaycanda mövcud mina probleminin mahiyyətini daha təfərrüatlı şəkildə geniş ictimaiyyətə çatdırmaq və mina probleminin həllinə dair beynəlxalq səviyyədə səylərin birləşdirilməsindən ibarətdir.
İşğaldan azad edilmiş ərazilərdə kütləvi şəkildə minalanma, çirklənmə miqyası, humanitar minatəmizləmə əməliyyatları zamanı qarşılaşdığımız çətinlikləri, tətbiq olunan metodologiyaları, cəlb olunan qurumlar tərəfindən minatəmizləmə fəaliyyətini əks etdirən presentasiya və video çarx təqdim edilib. İnnovativ həllərin inkişafı üçün milli imkanların gücləndirilməsində tərəfdaşlıqların rolu, minatəmizləmə fəaliyyəti istiqamətində beynəlxalq resursların cəlb olunmasının önəmi və dəstəyin əhəmiyyəti vurğulanıb.