Deputat : “Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın böyük gələcəyi var”

image-media-jale-ahmedova-3io6frtqxz4bnhpwmk7ubackend

Bir neçə gün əvvəl iyulun 18-də “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə oldu.  Həmin gün Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata birgə bəyanatla çıxış etdilər.

Ümumiyyətlə,  Azərbaycan  Avropa Komissiyası ilə enerji sahəsində on beş ildən artıqdır ki, əməkdaşlıq edir. Ötən illər ərzində – 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın təşəbbüs göstərdiyi və Avropa İttifaqının da dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Ötən illər ərzində bu layihələrin tərkib hissəsi olaraq öncə neft hasilatı, sonra isə qaz hasilatı baş verdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. Ölkəmiz 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır.

Müasir dövrdə enerji təhlükəsizliyi məsələlərinin heç zaman olmadığı qədər önə çıxmasını nəzərə alaraq, deyə bilərik ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Artıq külək və Günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlanılıb.

Heç şübhəsiz ki, bu işə Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində 9200 meqavatlıq Günəş və külək enerjisinin potensialı da öz töhfəsini verəcək. Xəzər dənizində isə  külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. Bununla yanaşı, gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur və  bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır.

Bu baxımdan, yuxarıda sadalanan faktları nəzərə alaraq deyə bilərik ki, imzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir. Bu yol xəritəsini həyata keçirmək üçün  isə  əsas məsələlərdən biri şəbəkələrin qurulmasıdır. Buna görə də biz Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Bunun üçün Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, ölkəmizi bütün qonşularla birləşdirən dəmir yolları var.

Ümumiyyətlə, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin bugünkü inkişafına nəzər salanda, əminliklə demək olar ki, bu əməkdaşlığın böyük gələcəyi var. Belə ki, hazırda Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır və ticarət dövriyyəsinin artırılması, sözsüz ki, xalqlarımızın rifahının daha da yüksəldilməsinə xidmət edir.

Hazırda isə Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin imzalanmasına hazırlıq işləri başa çatmaq üzrədir və yaxın gələcəkdə bu sənədin imzalanması ölkəmizin bu qurumla ikitərəfli əməkdaşlığına mühüm töhfə olacaq.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90