Dünya artıq Ağ Evin göz yaşlarına inanmır: ABŞ Qafqazı ələ keçirə bilər? – TƏHLİL

image-632700ba86b2472a70d1460cbackend

Dünən ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvana rəsmi səfər edib. Səfərin gündəliyinə ikitərəfli münasibətlərin inkişafı, ABŞ-ın regiondakı maraqlarının təmini, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə ABŞ-ın cəlb edilməsi kimi məsələlər salınıb.

Ancaq gündəlikdə olan məsələlərdən kənar siyasi oyun qurulduğu artıq açıq-aşkar görünür. Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək istəyən ABŞ, Pelosinin simasında hansısa qondarma soyqırımı abidəsinə baş çəkir və burada “Hollywood” filmlərinin baş qəhrəmanlarından daha məharətli şəkildə rolunu icra edir: “qurbanlar” üçün göz yaşı axıdır. Axrıncı dəfə ABŞ-da əfqanlar və iraqlılar üçün göz yaşı axıdılıb. Bu ölkələrə təhlükəsizlik vəd edən ABŞ və onun göz yaşları həmin xalqları acının ən qəddar pilləsinə sürükləyib.

Bu səbəbdən aktrisa Pelosi, əmin ola bilər ki, dünya artıq onların “demokrat” gözündən axan qan yaşlarınıza inanmır.

Razılaşmamaq mümkün deyil ki, ermənilər inanacaq. Çünki onların gözündən də amerikalılar kimi qan axır, ağıl isə sadəcə utopik “Böyük Ermənistan” üçün işləyir və bu səbəblərdən dünya həqiqətlərini görə bilməyən erməni, bu dəfə ABŞ-ın oyuncağına çevrilməyə hazırdır. Necə ki, 200 ildir ingilislərin, fransızların, rusların, son yüz ildir fransızların və ruslaraın kuklası olmaq missiyasını icra ediblər.

Pelosinin tələm-tələsik səfərinə diqqətli yanaşmaq lazımdır. Burada fərqli və incə məqamlar çoxdur. Əvvəla qeyd etmək lazımdır ki, ABŞ-ın məqsədi Qərb dövlətlərinin 200 ildir edə bilmədiyini reallaşdırmaq – Qafqazı nüfuz dairəsinə salmaqdır. Əslində bu planlar 1990-cı illərdən var. Sadəcə həmin dövlərdə Türkiyə daxili siyasətindəki ziddiyyətlər səbəbilə zəifləsə də, Rusiyanın bölgədəki ağırlığı və yeni müstəqillik əldə etmiş Azərbaycan, Gürcüstan və Ermənistan kimi ölkələrdə milliyətçi hərəkatların artması, siyasi elitada Moskva ilə qarşılıqlı işbirliyi ABŞ-ı bu planlarını təxirə salmağa məcbur qoyub. Bu gün isə, Rusiya Ukraynada çox ciddi itkilərlə üzləşib, hərbi sənayesinin geri qaldığı görünür və ən əsası Rusiya ordusunun yenilməzliyi mifi dağılıb. Geriyə zəif və yenik Rusiya qalıb. Həm də Rusiya daxilində artıq fikir ayrılıqlarının yaşandığı ilə bağlı ciddi siqnallar alırıq və bu kimi hallar Rusiyada müstəqillik istəyən, federativ quruluşdan ayrılmaq tərəfdarı olan milliyətçi qrupları da aktivləşdirə bilər. Bütün bunları yaxşı hesablayan ABŞ Ermənistanı Rusiyadan ayırıb öz proyektinə çevirmək istəyir. İddia etsək yanılmarıq ki, rəsmi olaraq müstəqilliyini elan etmiş Ermənistan dövləti son 30 ildir Rusiyanın proiyekti qismində çıxış edib və bu dövlətin bütün addımları Rusiyanın bölgədəki maraqlarının təminatı olub. Unutmayaq ki, Qafqazın Cənubunda müstəqil dövlətlər bərqərar olmasına baxmayaraq, Rusiya hələ də burada hərbi varlığını qoruyur və bu Ermənistanın Gümrü şəhərində yerləşdirilmilş 102-ci baza sayəsində mümkün olub.

İndi ABŞ Ermənistanda siyasi iqtidarı əlinə almış Paşinyan hökuməti sayəsində, xüsusilə Rusiyanın dünyadan təcrid olunduğu və Ukraynadakı bataqlıqdan üzüağ çıxa bilməməsi fonunda Cənubi Qafqaza sahiblənmək istəyir. Bunu reallaşdırmaq üçün sadəcə bir seçimləri var ki, bu da Ermənistandır. Çünki geopolitik olaraq Gürcisatan bu niyyətlərə cavab vermir, həm də inandırıcı deyil ki, gürcülər Rusiya ağalığından qurtulmamış, yenidən kiminsə ağalığına baş əysinlər. Azərbaycan isə, proseslərin əvvəlindən Qafqazın cənubunun tam müstəqilliyinə can atıb, bu məqsədlərinə çatmaq üçün nə Rusiya, nə Qərb, nə ABŞ, nə də ki başqa hansısa gücdən gələn “dostluğu” qəbul edib. Bu səbəblə ABŞ-ın Qafqaza müdaxilə etmək üçün son şansı Ermənistandır. O isə, bu oyunda “ən zəif bənd”dir.

Həm də ABŞ Qafqazla bağlı planlarında Rusiya amilini düzgün dəyərləndirsə də, hesablamadığı bir məqam var: Azərbaycan-Türkiyə müttəfiqliyi.

2020-ci ildə Cənubi Qafqazda dəngələr dəyişib. Həmin tarixdən Cənubi Qafqazda yeni reallıqlar bərqərar olub ki, bu reallıqların qurucusu və bölgədə hazırki əsas söz sahibliyi məhz Azərbaycan-Türkiyə müttəfiqliyidir. Türkiyə isə, dünyanın bütün nöqtələrində olduğu kimi, Qafqazda da ABŞ ilə nüfuz savaşından qaçmayacaq, əksinə Qafqazda daha şanslı ölkə olaraq, ABŞ-ın məkrli planlarını məhv etmək üçün daha aktiv davranacaq.

Ümumiyyətlə düzgün dəyərləndirmə aparsaq görərik ki, Qafqaz bölgəsi son min ildir Azərbaycan türklərinin, son 200 ildir Rusiya və Anadolu türklərinin nüfuz dairəsi olub. Qərb daiərələri, elə ABŞ özü də tarixin heç bir mərhələsində Qafqazda söz sahibi ola bilməyib. Yanlız İngiltərə 20-ci əsrin əvvlərində bu fürsətə sahib olsa da, sonda anlamış olmalıdır ki, Qafqaz elə bir regiondur ki, burada söz sahibliyi sadəcə türk və rus xalqlarına nəsib ola bilər. Bura coğrafi amillərdən tutmuş, xalqların milli xüsusiyyətlərinə qədər bir çox səbəblər gətirmək olar.

İngiltərənin Qafqazda anti-Türk mövqeyi Rusiyanın bütün Qafqaza sahiblənməsi ilə sona çatdı ki, nəticə etibarilə ingilislər bu səhvlərinin Rusiya imperiyasına faydalı olduğunu anlayıb və bölgədə “etibarsız” erməniləri dəstəkləməyə son veriblər. Xatırlamaq yerinə düşər ki, ingilislər də bir zaman ermənilərin əli ilə Qafqaza sahiblənmək istəyib, ermənilər son məqamda daha güclü rusları seçib və ingilislərə indi də unutmadıqları dərs veriblər. ABŞ gərək bu dərsdən payını götürsün. Dünən şansı az olduğu üçün ingilisləri ruslara satanlar, bu gün şansları az görünən rusları daha şanslı amerikalılara satmağa başlayıb. Sabah çinlilərin şansı artanda amerikalılar da satılıq qoyun olacaqlar!

Gələk ABŞ-ın Qafqaza sahiblənmək şanlarına…

Tam əminliklə, sıfır!

Bunun fərqli izahları var. Birincisi elə yuxarıda qeyd etdiyim amildir. Qafqaz elə bir regiondur ki, burada söz sahibliyi rus və türk milli kimliklərinə aiddir. Bu iki millət tarixən əzəli və əbədi rəqib olsalar da, bəzi məsələlərdə ortaq nöqtədə dayana bilirlər. Bunlardan biri də nə olur olsun, Qərbin Qafqaza sahiblənməməsidir. Bu indi də aktualdır və bu amil bəs edir ki, Qafqazda kənar qüvvələrin müdaxiləsi sıfıra endirilsin. Ermənistandakı siyasi iqtidarın qərbmeyilli olması bu reallığı dəyişdirməyə kifayət etməyəcək. Ona görə ki, Ermənistan müstəqilliyini elan edəndən sonra da Rusiyanın “proyekti” olaraq fəalliyət göstərib və elə indi də “proyekt ölkə” olaraq qalır. Hər nə qədər siyasi elita qərbmeyillidirsə, Ermənistan ordusu Rusiyanın nəzarətindədir və bu fakt özü Ermənistanda siyasətçilərin əlini-qolunu bağlayan əsas reallıqdır. Üstəgəl, Ermənistan ordusu rus agenturasından təmizlənsə belə, Gümrüdəki Rusiya hərbi bazasının mövcudluğu yenə əngələ çevrilir.

İndi Rusiya məcbur qalacağı təqdirdə təxminən belə bir ssenarini işə salacaq: Robert Koçaryan, yaxud hanısa başqa rusmeyilli birini sima olaraq göstərəcək, həmin sima ordudan dəstək alıb çevrilişə cəhd edəcək. Qərbmeyillilərin dirənməsi halında isə, vətəndaş müharibəsi baş verəcək. Bu formal mövcud olan erməni dövlətçiliyinin sonudur.

Paşinyan bu kimi ehtimalları nəzərə almamış deyil və ölkəsinin məhvini istəmir. Ona görə də, ABŞ-ı regiona gətirmək planlarının əslində Ermənistanın sonu olduğunu anlayacaq və yenidən yaxın zamanlarda Rusiyanın təyin etdiyi yerdə, Rusiyanın təyin etdiyi masada oturacaq.

ABŞ hazırda məntiqsiz siyasət xətti yürüdür. Çinlə Tayvan məsələsində, Rusiya ilə Ukraynada çəkişmələr yaşayan ABŞ, indi də regiondakı əsas müttəfiqi Türkiyə ilə əlaqələrini dərindən sarsıdacaq siyasət yeridir. Unutmamaq lazımdır ki, Türkiyə NATO üzvü, ABŞ-ın həm Yaxın Şərqdə, həm də Qafqazda ən yaxın müttəfiqi sayılır. Cılız və etibarsız müttəfiq sayılan Ermənistan üçün ABŞ-ın Türkiyə kimi böyük dövlətlə münasibətlərinə xələl gətirməsi doğru hesab edilə bilməz. Ona görə ki, ABŞ-ın bu qərarları Türkiyəni Qərbdən uzaqlaşdıracaq və Qərbin hazırda əsas rəqibi sayılan Rusiya ilə yaxınlaşmasına səbəb olacaq. Bu amil, Qərbə inteqrasiya etmək istəyən, Rusiya və Çin kimi dövlətləri özünə təhlükə sayan regional dövlətlərin də xarici siyasətini yenidən şaxələndirməsinə səbəb olacaq.

Digər tərəfən Çin və Rusiya kimi kifayət qədər ciddi rəqiblərlə üz-üzə dayanmış ABŞ, Türkiyəni özünə daha da yaxınlaşdırıb, bu iki ölkəyə qarşı birlikdə mübarizə imkanlarını dəyərləndirmək əvəzinə, Türkiyəni Rusiya və Çinə yaxınlaşdırmaqla özünü təkləmiş olacaq. Çünki Qərbin özündə də fikir ayrılıqları hökm sürməkdədir. Avropanın əsas ölkələri xarici siyasətlərini öz maraqlarına uyğun tərtib edib. Məsələn, Fransa israrla anti-Türk addımlarına davam edərkən, Almaniya hazırda neytral görünməyə çalışır. İngiltərə isə regionda Türkiyə və Azərbaycanla işləməyə həvəslidir. Belə olan halda, ABŞ-ın Qərb dairələrindən tam dəstək ala bilməyəcəyini yəqin etmək asandır. Elə isə, ABŞ-ın erməni sevdası nəyə lazımdır?

Bəzi mütəxəssislər bunu seçkilər zamanı Erməni lobbisinin dəstəyini qazanmağa hesablanmış addım olaraq görür. Ancaq deyə bilərik ki, bu ikinci, yaxud üçüncü dərəcəli səbəblərdir. Çünki ABŞ-da sistem dövlət maraqları üçün xidmət edir. Əsas səbəb olaraq ABŞ-ın təkqütblü dünyanı, yəni sadəcə özünün söz sahibi olduğu dünya düzənini qorumaq istəyidir. ABŞ on illərdir ki, dünyanın istənilən nöqtəsində öz maraqlarını təmin edib. Digər ölkələrin düşüncə və haqlarını görməzdən gəlib. Hətta Rusiya və Çin kimi böyük dövlətlər də ABŞ-ın qərarlı davrandığı məsələlərə müdaxilə etmək iqtidarında olmayıb. İndi isə, dünyada yeni düzən formalaşmağa başlayıb ki, artıq çoxqütblü dünyaya doğru gedirik. Yəni qısa zaman sonra dünyada fərqli güc mərkəzləri formalaşacaq və ABŞ mərkəzli dünya düzəni sıradan çıxacaq.

İndi ABŞ cəhd edir ki, bunun önünü alsın və təkqütblü dünyanı qorusun. Ancaq bu mümkünsüz istəkdir. Ən azından ABŞ cəhd edir ki, formalaşacaq güc mərkəzlərinin sayı çox olmasın. Ona görə də, dünyanın hər bir nöqtəsindəki problemlərə müdaxilələrini aktivləşdirir və proseslərə daha çox təsir etməyə çalışır. ABŞ-ın Qafqaza ayaq açmaq niyyətləri də buradan başlayır. Türkiyə mərkəzli “Türk qütbü”nü sarsıtmaq və türk faktorunun dünyada söz sahibinə çevrilməməsi, Rusiyada federasiyanıın parçalanaraq yerində fərqli müstrəqil dövlətlərin ortaya çıxması ABŞ-ın Qafqaza ayaq açma niyyətlərinin əsas tərkib hissəsidir.

Ermənistanda bu reallığı çətin görüb anlayacaqlar. Buna görə də, ABŞ ümid edir ki, planlarını reallaşdıran zaman ermənilər “canlı bomba” rolunu oynayacaq və bu sayədə bütün məkrli planlar reallaşacaq.

Ancaq ABŞ-ın bu təhlükəli oyunları Vaşinqtonun özündə də narazılıqlara səbəb olacaq. Belə böyük “oyun” qurmaq həm də böyük riskdir. Oyunun sonunda məğlub olmaq ehtimalı var ki, belə olan təqdirdə ABŞ daha ciddi itkilərlə üzləşəcək. Vaşqtonda belə bir riskə girmək narazılıqla qarşılanacaq. Hər halda, ABŞ təzyiq göstərir və bu təzyiqin bir müddəti var. Həmin müddət tamamlandığı zaman ya qeyd etdiyimiz riskə girəcək ya da “Qafqaza sahiblənmək” arzularının xülya olaraq qaldığını qəbul edib gəldiyi kimi gedəcək. Həmin riskin sonu, bütün dünya üçün fəlakət deməkdir, ən başda da ABŞ-ın özü üçün…

Busaat.az Analitika Mərkəzi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90