Rusiyada aşağıdakı məntiqlə hərəkət edən müəyyən dairələr var: Ermənistan, Türkiyə və Azərbaycan arasında sülh onlar üçün əlverişsizdir, çünki bu, Ermənistanı tam müstəqil dövlətə çevirəcək. Əgər düşmənçilik davam edərsə, Ermənistan Rusiyanı daha da möhkəm qucaqlamağa məcbur olacaq.
Bakupost.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İlham Əliyevdən torpaqlara qarşılıq olaraq guya 5 milyard dollar alması barədə Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin ortaya atdığı yalanı şərh edərkən deyib.
“Qeyd etməkdən məmnunam ki, “Ermənistanın Rusiyadan asılılığını yaratmaq və ya gücləndirmək üçün Ermənistanla Türkiyə, Ermənistanla İran və Ermənistanla Azərbaycan arasında daim gərginlik yaratmaq lazımdır” fikri geniş yayılmayıb. Əminəm ki, həmkarım Vladimir Putin, Mixail Mişustin və bir çox hökumət rəsmisi bu fikri bölüşmür”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, dünyaya həm Ermənistanın, həm də Zatulinin gözü ilə baxan qüvvələr Ermənistan parlament seçkilərində iştirak edəcək:
“Seçkilərdə Ermənistan vətəndaşları özlərinin, yoxsa Zatulinin gözünə etibar edəcəklərinə qərar verməlidirlər. 2026-cı ildən sonra artıq oliqarxların və ya keçmiş prezidentlərin siyasətlə məşğul olduğunu görməyəcəksiniz – hamısı qovulacaq”.
Qeyd edək ki, Zatulin vaxtilə Belarus lideri Aleksandr Lukaşenkonun İlham Əliyevin torpaqları qaytarmaq üçün 5 milyard verməyə hazır olması barədə sitatını xatırladaraq, “Sərkisyan götürmədi o pulu, yəqin Paşinyan götürüb” sözlərini işlətmişdi.








