Ermənistanın cinayətkar hərbi siyasi rəhbərliyinin qərarıyla humanitar atəşkəs dövründə Gəncə şəhərində mülki əhalinin raket hücumuna məruz qalması növbəti erməni terrorunun bariz nümunəsidir.
Busaat.az xəbər verir ki, 10 nəfərin ölümü, 34 nəfərin yaralanmasına səbəb olan qanlı terrorda “Skad” raketindən istifadə edilib. Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov da məlumat verib. O qeyd edib ki, raketin qalıqlarının üzərində 8K-14 yazılıb: “Bu, bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan “Elbrus” raketi olub. Onun uzunluğu 11,2 metrdir”.
Qeyd edək ki, dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır. Dünyada “Skad” raketiylə mülki əhalinin hədəfə alınması təcrübəsindən demək olar ki, az istifadə edilib. Bu raketdən mülki əhalini vurmaq üçün istifadə etməyə yalnız Ermənistanın faşist xislətli hərbi siyasi rəhbərliyi qərar verə bilərdi.
Bildirək ki, “Skad” raketi soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə “R-17 Elbrus” adlanır. “Skad” adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (1.7 km/s).
Skad-B R-11 (Skad-A) raketinin davamçısı olaraq R-17, 1970-ci illərdən isə R-300 olaraq adlandırılıb. “Skad” raketi döyüşlərdə istifadə olunmuş çox az raketlərdən biridir. Almaniya istehsalı V-2 raketindən sonra ikinci ən çox istifadə olunan ballistik raketdir.
R-17 (Scud-B) raketi (kompleksin öz adı “ELBRUS”) 1961-1987-ci illərdə istehsal olunub.
Scud-B raketləri yeni olduğu vaxtda belə onun ehtimal olunan yayınma dairəsi 450 metr təşkil edirdi. Bu, o deməkdir ki, sən A nöqtəsini hədəfə atırsan, amma raket A nöqtəsinə düşməyəcək, sadəcə A nöqtəsindən 450 metr radiusda bir əraziyə düşəcək.
Bu, raketdən hərbi hədəfləri məhv etmək üçün istifadə çətinlik yaradır, dəqiqlik yoxdur, ona görə də, hərbi məqsədlə tətbiqinin heç bir effekti yoxdur. Sovet dövründə raketin az dəqiqliyini nəzərə almaqla, onun üçün xüsusi nüvə başlıqları hazırlanırdı. Həmin nüvə başlıqları isə raket hədəfdən 450 metr aralıda düşsə belə, partlayış gücünə görə, hədəfi məhv etməyə imkan verirdi.
Adi döyüş başlığı ilə (qəlpəli-fuqas) isə bu raket yalnız böyük mülki hədəflərə zərbə endirmək məqsədilə istifadə olunduqda “effekt” verir. Ermənistan tərəfi də eyni addımı atıb. Qeyd olunanlar məhz bir daha sübut edir ki, erməni tərəfi mülki şəhəri məqsədli şəkildə hədəfə alıb. Belə ki, şəhərin ərazisi böyükdür, dəqiqliyi az olan Scud-B hansısa yerə mütləq dəyib, zərər yetirəcək.
Digər tərəfdən, bu raketlərin sonuncusunun hələ 1987-ci ildə istehsal olunduğunu nəzərə alsaq, avadanlığın köhnəlməsi baxımından, bu günə Scud-B-nin ehtimal olunan yayınma dairəsinin hətta 450 metrdən də çox olması şübhə doğurmur. Bütün bunlar onu söyləməyə əsas verir ki, erməni tərəfi məqsədli şəkildə, bilərəkdən hədəf kimi yayınmağın qeyri-mümkün olduğu böyük şəhəri, Gəncəni seçib. Azərbaycan hərbi hədəfləri məhv etmək üçün yüksək dəqiqlikli Polonez və Lora sistemlərindən istifadə edir. POLONEZ sisteminin raketlərinin ehtimal olunan yayınma dairəsi təxminən 30-50 metr, silahlanmada olan LORA sisteminin raketlərinin ehtimal olunan yayınma dairəsi təxminən 10 metr təşkil edir.
Günel Türksoy