Bu gün Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən sonuncu dəfə raket atəşinə tutulmasından 4 il keçir.
Busaat.az xatırladır ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutuldu.
17 oktyabr 2020-ci il tarixində baş vermiş terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş verdi. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı.
Ümumilikdə, 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olub. Eyni zamanda 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Təəssüf ki, Ermənistan istər Birinci, istərsə də İkinci Qarabağ müharibələrində törətdiyi müharibə cinayətlərinə görə beynəlxalq ədalət mühakiməsinə cəlb edilməyib.
Beynəlxalq siyasətdə söz sahibi olan ölkələr müharibə cinayətlərinə münasibətdə də ikili standartlarla davranaraq, Ermənistanı heç vaxt terrorçu ölkələr siyahısına salmayıblar.